Məhkəmə qərarları › İş №e-2(037)-900/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-900/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-900/2022 31.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 31 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 666 manat əsas borc, 277,32 manat cərimə olmaqla, cəmi 943,32 manat borc və 30 manat dövlət rüsumu məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi və tərəfləri çağıraraq izahatların alınması zərurəti olduğundan İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2(037)-900 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 001812/2021 nömrəli nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z-001812/2021 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 001812/2021 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 hər ayın 9-u 19 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq Cavabdeh1 tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, 436 manat əsas borc, 37.52 manat cərimə yaranmışdır. İddiaçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001812/2021 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-001812/2021 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 436 manat əsas borc, 37,52 manat cərimə və 30 manat dövlət rüsumu məbləği – cəmi 503 (beş yüz üç) manat 52 (əlli iki) qəpik məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 sonuncu məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı (“Qəbələ Electronics”) ilə arasında xx.xx.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, nisyə alqı-satqı müqaviləsinə özü imza etmişdir. Həmin müqaviləyə əsasən qiyməti 456 manat olan Alcatel 1SE markalı telefon almış, hər ay 19 manat ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra işləmədiyindən borcunu qaytara bilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsininin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2021-ci il tarixli 001812/2021 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 qiyməti 456 manat olan Alcatel 1SE markalı telefon nisyə satılmışdır. xx.xx.2021-ci il tarixli 001812/2021 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 hər ay 19 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 qiyməti 456 manat olan Alcatel 1SE markalı telefonu “Qəbələ Electronis”dən təhvil almışdır. xx.xx.2021-ci il tarixli Z-001812/2021 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1lə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 15 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 14 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 436 manat əsas borc, 37,52 manat cərimə məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001812/2021 saylı nisyə alqı-satqı müqaviləsinin 4.1-ci maddəsinin 6-cı bəndində və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-001812/2021 saylı zaminlik müqaviləsinin 3.1-ci maddəsinin 6-cı bəndində alıcı müqavilə üzrə öhdəliklərinin ardıcıl olaraq 5 təqvim günündən artıq yerinə yetirmədikdə satıcının müqaviləyə birtərəfli qaydada xitam vermək və əşyanı alıcıdan götürmək, olduğu yerdən demontaj etmək və ya bununla bağlı tədbirlər görmək hüququ, o cümlədən dəymiş zərərin əvəzini zamindən tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001812/2021 saylı nisyə alqı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli Z-001812/2021 saylı zaminlik müqaviləsinin ləğv edilməsinə dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001812/2021 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z- 001812/2021 saylı zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 436 manat əsas borc, 37,52 manat cərimə və 30 manat dövlət rüsumu məbləği – cəmi 503 (beş yüz üç) manat 52 (əlli iki) qəpik məbləğ tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar