Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-931/2025 14.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh qarşı (bundan sonra - cavabdeh) “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 09382015 saylı müqaviləyə əsasən qızıl zəmanət ULTRA 1 İL xidməti, İMEİ KODU **********77429 XİAOMİ REDMİ 12 markalı telefon üçün 113.31 (yüz on üç manat, 31 qəpik) manat ödənilməmiş hissə, 11.33 (on bir manat, 33 qəpik) manat cərimə olmaqla cəmi 124.64 manat borcun və 30 manat manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2024-cü il tarixli 09382015 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən, əşyaların alış qiyməti 500.80 manat olan, ilkin ödəniş 40 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq 38.40 manat məbləğində müəyyən edilmişdir. Alınmış əşyalar xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli 09382015 saylı müqavilə üzrə 500,8 manat borc məbləğindən 387.49 manat ödəniş etmiş, 113,31 manat borcu və əsas borca 11.33 manat cərimə borcu müəyyən edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İMEİ KODU **********77429 XİAOMİ REDMİ 12 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 500.80 (beş yüz manat, 80 qəpik) manat (12 ay x 38.40 manat + 40 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İMEİ KODU **********77429 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə 124.64 (yüz iyirmi dörd manat, 64qəpik) manat olmaqla, ondan, 113.31 (yüz on üç manat, 31 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.33 (on bir manat, 33 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ isə 387.49 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəmişdir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 09382015 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı tərəfindən göndərilən xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixli 09382015 saylı müqavilə və ona edilən əlavənin surətinə əsasən qızıl zəmanət ULTRA 1 İL xidməti, İMEİ KODU **********77429 XİAOMİ REDMİ 12 markalı telefon üçün Cavabdeh ödəniş müddəti 12 ay, ilkin ödəniş 40 manat olmaqla, ödəniş cədvəli üzrə hər ay 38.40 manat olmaqla cəmi 500.8 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli 09382015 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli 09382015 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli 09382015 saylı müqavilə üzrə 500,8 manat borc məbləğindən 387.49 manat ödəniş etmiş, 113,31 manat borcu və əsas borca 11.33 manat cərimə borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən aldığı əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış məbləği 03 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
Təqdim edilmiş iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissəhissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin həmin müqavilə ilə müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun bu normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 11,33 manat cərimə pulu tənasübsüz yüksək məbləğ deyildir və işin hallarına tam uyğundur. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 09382015 saylı müqavilə üzrə 113.31 (yüz on üç manat, 31 qəpik) manat ödənilməmiş hissə, 11.33 (on bir manat, 33 qəpik) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 154 (yüz əlli dörd) manat 64 (altmış dörd) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nərmin Qoşqarova