Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-937/2024 13.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 143 manat əsas, 14 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 187 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 mart 2023-cü il tarixli R0070022 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 524 manat dəyərində əşya satılmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş, borclu olduğu 524 manat pulu ödəniş cədvəlinə əsasən hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini qismən yerinə yetirərək 381 manat ödəniş etmişdir. Cavabdehin müqavilə üzrə 143 manat əsas borcu qalmış və müqavilə şərtlərinə əsasən əsas borca 14 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borc məbləğini ödəməmişdir. İddiaçı cavabdehdən 143 manat əsas, 14 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 08 iyul 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 07 mart 2023-cü il tarixli R0070022 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 44 manat ödəmək şərti ilə cəmi 524 manat dəyərində X1 11 markalı telefon satılmışdır. - 25 may 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh R0070022 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 524 manat əsas borcundan 381 manat ödəniş etmiş, 143 manat əsas və 14 manat cərimə borcu qalmışdır. - 31 may 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 143 manat əsas və 14 manat cərimə borcunun üç gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 22 iyun 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 07 mart 2023-cü il tarixli R0070022 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 44 manat ödəmək şərti ilə cəmi 524 manat dəyərində X1 11 markalı mobil telefon satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 381 manat ödəniş etmiş, 143 manat borcu ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə əsasən əsas borca 14 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 143 manat əsas, 14 manat cərimə borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 143 manat əsas, 14 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 187 manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 143 manat əsas, 14 manat faiz və 30 manat dövlət rüsumu olmaqla cəmi 187 (bir yüz səksən yeddi) manat borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-937/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-937/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver