Məhkəmə qərarları › İş №e-2(037)-937/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-937/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-937/2025 17.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra - cavabdeh) 12 fevral 2021-ci il tarixli, XRK487936 nömrəli borc müqaviləsinə əsasən 270 (iki yüz yetmiş) manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə müvafiq olaraq işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 12 fevral 2021-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 694 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin həmin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 270 manat əsas borcu qalıb. Göstərilənlərə əsasən iddiaçı 12 fevral 2021-ci il tarixli, XRK487936 nömrəli borc müqaviləsinə əsasən 270 (iki yüz yetmiş) manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 12 fevral 2021-ci il tarixli, XRK487936 nömrəli borc müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə dəyəri 694 manat olan məişət avadanlığı satılmışdır. 12 fevral 2021-ci il tarixli, XRK487936 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə dəyəri 694 manat olan Samsung Galaxy A51 4/64GB SM-A515 Black məişət avadanlığı satılmışdır. 15 yanvar 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh ilə xx.xx.2021-ci il tarixli XRK487936 saylı müqavilə üzrə 270 manat borcu qalmışdır. 26 may 2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 270 manat borcu qalmış və həmin borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. 02 iyun 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 12 iyun 2025-ci il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Qubaxəlilli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin həmin kənddə qeydiyyatda olmaqla, 2022-ci ildən ailəsi ilə birgə Bakı şəhərində yaşadığı, ona ünvanlanmış məktubun qeyri-müəyyən vaxtadək çatdırılması üçün həmin nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 389-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında müqavilə bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. İddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsini tənzimləyən maddi hüquq normaları təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbi borc müqaviləsindən irəli gələn mübahisə kimi qeyd olunmuş, məhz həmin müqaviləyə istinad edilməklə ümumi məbləğ cavabdehdən tələb edilir. Tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi adı altında bağlansa da, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının mənasından (Mülki Məcəllənin 404.1.və 404.2-ci maddələri) görünür ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Odur ki, hazırda iş üzrə tərəflər arasında müvafiq öhdəlik hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilə hüquqi təbiəti etibarı ilə əşyanın nisyə alqı-satqısı müqaviləsi olmaqla, tərəflərin bu istiqamətdə formalaşmış iradə ifadəsini əks etdirir. Belə ki, müqavilə bağlandıqdan sonra əşyanın cavabdehə təhvil verilməsi, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğlərinin razılaşdırılması, alıcının əşyanı əldə etməsi müqabilində əşyanın dəyərini hər ay hissəhissə ödəməyi öhdəsinə götürməsi kimi işin faktiki halları da məhz analoji nəticəyə gəlməyə əsas verir. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qaydada ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 –cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən 12 fevral 2021-ci il tarixli, XRK487936 saylı borc müqaviləsinə əsasən 270 (iki yüz yetmiş) manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 300 (üç yüz) manat məbləğində pul vəsait İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar