Məhkəmə qərarları › İş №e-2(037)-941/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-941/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-941/2023 13.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 389,5 manat əsas borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2021ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 24 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 39,8 manat ödəmək şərtilə cəmi 501,5 manat dəyərində Samsung Galaxy A12 (SM-A125) 64gb Black smartfonu satılmışdır. Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək borcundan 112 manat ödəniş etmiş, qalan 389,5 manat borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 07 avqust 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 17 iyul 2021-ci il tarixli ******* nömrəli nisyə satış müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 24 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 39,8 manat ödəniş etməklə cəmi 501,5 manat dəyərində Samsung Galaxy A12 (SM-A125) 64gb Black smartfonu satılmışdır. - Maliyyə arayışının surətindən görünür ki, cavabdehin 17 iyul 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 501,5 manat borcundan 112 manat ödəniş etmiş, 389,5 manat əsas borcu qalmışdır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat (********** nömrəli qəbz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 17 iyul 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh 24 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 39,8 manat ödəniş etməklə cəmi 501,5 manat dəyərində Samsung Galaxy A12 (SM-A125) 64gb Black smartfonu almışdır. Cavabdeh müqavilə üzrə 112 manat ödəniş etmiş, 389,5 manat əsas borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 17 iyul 2021-ci il tarixli müqavilə üzrə 389,5 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 419,5 manat məbləği Cavabdeh alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 389,5 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 419 (dörd yüz on doqquz) manat 50 (əlli) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar