Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-947/2023 19.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Y20K5658880 nömrəli, 17 yanvar 2019-cu il tarixli müqavilə üzrə 43 manat əsas,12 manat dəbbə pulu,Y20K5758901 nömrəli,08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas,240 manat dəbbə pulu,Y20K5851244 nömrəli 13 mart 2020-ci il tarixli müqavilə üzrə 911 manat əsas,273 manat dəbbə pulu və 43 manat dövlət rüsumu olmaqla,cəmi 2322 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 yanvar 2019, 08 noyabr 2019 və 13 mart 2020-ci il tarixlərdə Cavabdeh ilə aralarında Y20K5658880, Y20K5758901 və Y20K5851244 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrin 1.1-ci maddələrinə əsasən Y20K5658880 nömrəli müqavilə üzrə 896 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A6+” markalı telefonu,Y20K5758901 nömrəli müqavilə üzrə 1239 manat dəyəri olan 1 ədəd “Riffel” markalı stolüstü qazı və 1 ədəd “Beko” markalı televizoru və Y20K5851244 nömrəli müqavilə üzrə 1028 manat dəyəri olan 1 ədəd “Beko” markalı sobanı alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliklərini öz üzərinə götürmüşdür. Müqavilələrin 2.1 və 2.2-ci maddələrinə əsasən alıcı Y20K5658880 nömrəli müqavilə üzrə 32 manat ilkin ödəniş olmaqla,qalan 854 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq,18 ay müddətinə,aylıq 48 manat olmaqla,hər ayın 16-dək ödəmək öhdəliyini,Y20K5758901 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla,qalan 1239 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 21 ay müddətinə,aylıq 59 manat olmaqla,hər ayın 07-dək ödəmək öhdəliyini və Y20K5851244 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla,qalan 1008 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə,aylıq 42 manat olmaqla, hər ayın 12-dək ödəmək öhdəliklərini öz üzərinə götürmüşdür. Müqavilələrin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. Müqavilələrin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir.Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5658880 nömrəli müqavilə üzrə 43 manat əsas,12 manat dəbbə pulu olmaqla,55 manat, Y20K5758901 nömrəli müqavilə üzrə 800 manat əsas, 240 manat dəbbə pulu olmaqla, 1040 manat və Y20K5851244 nömrəli müqavilə üzrə 911 manat əsas,273 manat dəbbə pulu olmaqla,493 manat borcu yaranmışdır.Alıcı tərəfindən Y20K5658880 nömrəli, 17 yanvar 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 10 manat, Y20K5758901 nömrəli,08 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat və Y20K5851244 nömrəli,13 mart 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödənişlər edilmişdir.Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.Hazırda cavabdehin Y20K5658880 nömrəli,17 yanvar 2019-cu il tarixli müqavilə üzrə 43 manat əsas,12 manat dəbbə pulu,Y20K5758901 nömrəli,08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas,240 manat dəbbə pulu,Y20K5851244 nömrəli 13 mart 2020-ci il tarixli müqavilə üzrə 911 manat əsas, 273 manat dəbbə pulu olmaqla, cəmi 2279 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş,lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh 17 yanvar 2019-cu il tarixli, Y20K5658880 nömrəli müqaviləyə əsasən 896 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A6+” markalı telefonu 18 ay müddətinə aylıq 48 manat, 08 noyabr 2019-cu il tarixli, Y20K5758901 nömrəli müqaviləyə əsasən 1239 manat dəyəri olan 1 ədəd “Riffel” markalı stolüstü qazı və 1 ədəd “Beko” markalı televizoru 21 ay müddətinə aylıq 59 manat və 13 mart 2020-ci il tarixli, Y20K5851244 nömrəli müqaviləyə əsasən 1028 manat dəyəri olan 1 ədəd “Beko” markalı sobanı 24 ay müddətinə aylıq 42 manat ödəmək şərti ilə əldə etmiş və müqavilələr üzrə yaranmış borcu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən pozulmuş öhdəlik bərpa edilməmişdir. İddiaçı cavabdehin Y20K5658880 nömrəli, 17 yanvar 2019-cu il tarixli müqavilə üzrə 43 manat əsas,12 manat cərimə,Y20K5758901 nömrəli,08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas,240 manat cərimə və Y20K5851244 nömrəli 13 mart 2020ci il tarixli müqavilə üzrə 911 manat əsas və 273 manat cərimədən ibarət borcunun yarandığını bildirir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb,hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin Y20K5658880 nömrəli, 17 yanvar 2019-cu il tarixli müqavilə üzrə 43 manat əsas borca görə 12 manat dəbbə pulu,Y20K5758901 nömrəli,08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas borca görə 240 manat dəbbə pulu və Y20K5851244 nömrəli 13 mart 2020-ci il tarixli müqavilə üzrə 911 manat əsas borca görə 273 manat dəbbə pulu hesablanması yaranmış borc məbləğlərinə mütənasib olmadığından onların məbləğləri azaldılmalı və Y20K5658880 nömrəli,17 yanvar 2019-cu il tarixli müqavilə üzrə 4 manat dəbbə pulu, Y20K5758901 nömrəli, 08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 80 manat dəbbə pulu və Y20K5851244 nömrəli 13 mart 2020-ci il tarixli müqavilə üzrə 90 manat dəbbə puluna endirilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu məbləğinin 39.28 manatı hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı,qalan 3.72 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə Y20K5658880 nömrəli, 17 yanvar 2019-cu il tarixli müqavilə üzrə 43 manat əsas, 4 manat dəbbə pulu, Y20K5758901 nömrəli,08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas,80 manat dəbbə pulu, Y20K5851244 nömrəli 13 mart 2020-ci il tarixli müqavilə üzrə 911 manat əsas, 90 manat dəbbə pulu və 39.28 manat dövlət rüsumu olmaqla,cəmi 1967.28 manat məbləğində pul tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə Y20K5658880 nömrəli, 17 yanvar 2019-cu il tarixli müqavilə üzrə 43 manat əsas, 4 manat dəbbə pulu,Y20K5758901 nömrəli,08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas,80 manat dəbbə pulu,Y20K5851244 nömrəli 13 mart 2020-ci il tarixli müqavilə üzrə 911 manat əsas,90 manat dəbbə pulu və 39.28 manat dövlət rüsumu olmaqla,cəmi 1967.28 (bir min doqquz yüz altmış yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin 3.72 manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-947/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-947/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver