Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-107/2025 04.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı və Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LENOVO TB-7305F kompüter üçün ondan 180 manat ödənilməmiş hissə və 54 manat cərimə olmaqla, 234 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO TB-7305F kompüter almış və nəticədə 234 (iki yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 270 (iki yüz yetmiş) manat (yəni 18 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan LENOVO TB-7305F kompüter üçün ümumilikdə, 234 (iki yüz otuz dörd) manat olmaqla ondan 180 (yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 90 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, işin ətraflı araşdırılması məqsədilə mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, ona qarşı irəli sürülmüş iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LENOVO TB-7305F markalı planşet almış, lakin qısa müddət sonra planşet xarab olmuşdur. Planşeti düzəltmələri üçün geri qaytarmışdır, geri çağırıb planşetin təmir olunduğunu demiş, cavabdeh də öz növbəsində planşeti götürmüş, amma planşet yenə də işləməmişdir, həmən vaxtdan planşet iddiaçıda qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC mülkiyyətində olan LENOVO TB-7305F planşeti dəyəri olan 270 manatı hissə-hissə ödəmək şərtilə Cavabdeh satmağı, cavabdeh isə həmin əmlakın dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız maldan istifadə etmək hüququ ona keçir; Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir; Müqavilənin 2.7-ci bəndinə əsasən "xxxx" MMC-nin sərəncamı ilə mala mülkiyyət hüququ müştəriyə keçir. Müqavilənin 2.8-ci bəndinə əsasən müqavilənin əlavəsinə əsasən bütün ödəmələr mal müştərinin mülkiyyətinə keçənədək avans kimi qəbul olunur; Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri bu müqavilənin şərtlərini pozduğu halda, malı "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır; Müqavilənin 3.2-ci bəndinə əsasən "xxxx" MMC müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qaydada qaytarılmış malın (ödənişsiz təqdim edilmiş mal istisna olmaqla), həmçinin 2.9-cu və 3.15-ci bəndlərdəki hala aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib, müştərinin "xxxx" MMC-nə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir; Müqavilənin 3.3-cü bəndinə əsasən müştəri qiymətləndirmə aktı ilə razılaşmadığı halda, o, borcu bağlamaq şərtilə 3.2-ci bənddəki qaydada qiymətləndirilmiş malı geri ala bilər; xx.xx.2023-cü il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC mülkiyyətində olan LENOVO TB-7305F planşetin dəyəri olan 270 manatı xx.xx.2023-cü il tarixdən başlayaraq 18 ay ərzində hər ay 15 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Maliyyə Arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh LENOVO TB-7305F planşetin dəyəri olan 270 manatdan 90 manat ödəniş etmiş, ödənilməmiş 180 manat ödənilməmiş qalmış, gecikdirilmiş 180 manata məbləğə görə 54 manat cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim, həmçinin texniki vəziyyət barədə Aktdan görünür ki, Cavabdeh tərəfindən LENOVO TB-7305F planşet tam komplektasiyada qaytarılmışdır. Cihazın korpusunda yuxarı sağ hissədə əzik, batıq olduğu, korpusda və ekranda cızıqlar olduğu müəyyən olunur. LENOVO TB-7305F planşetin vəziyyətindən görünür ki, cihaz qoşulmur, ekran korpusdan aralıdır. Görüntü yoxdur və mütəri bildirir ki, ekran birdən birə qalardı. Ödəniş qəbzindən görünür ki, iddianın verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC mülkiyyətində olan LENOVO TB-7305F planşeti dəyəri olan 270 manatı hissə-hissə ödəmək şərtilə Cavabdeh satmağı, cavabdeh isə aldığı malın 270 manatı xx.xx.2023-cü il tarixdən başlayaraq 18 ay ərzində hər ay 15 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh LENOVO TB-7305F planşetin dəyəri olan 270 manatdan 90 manat ödəniş etmiş, ödənilməmiş 180 manatı qalmışdır. Link Service tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, LENOVO TB-7305F planşet Cavabdeh təmir üçün servis mərkəzinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.1-ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-nin: 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır. İşin müəyyən olunan hallarına əsasən müştəri mala görə 6 ay ərzində müqavilədə şərtləşdirilmiş qaydada ödənişlər etmiş, sonra malı tam komplektasiyada iddiaçıya qaytarmışdır. Bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Malın qüsursuz qaytarılması sonradan "xxxx" MMC-nin mütəxəsisləri tərəfindən tərtib olunan xx.xx.2025 tarixli texniki vəziyyət barədə aktla təsdiqini tapır. Müqavilənin 3.2-ci bəndinə əsasən "xxxx" MMC qaytarılmış malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib, müştərinin "xxxx" MMC-nə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Göründüyü kimi mübahisə predmeti olan planşet iddiaçıda qalmış, eyni zamanda malın ödənilməmiş məbləğini iddiaçı tərəf tələb etmişdir. Yəni işin bu halı tərəflər arasında bağlanmış müqavilənin və Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LENOVO TB-7305F kompüter üçün 180 manat ödənilməmiş hissə və 54 manat cərimə olmaqla, 234 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi» barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən, MPM-nin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LENOVO TB-7305F kompüter üçün 180 manat ödənilməmiş hissə və 54 manat cərimə olmaqla, 234 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi» barədə iddiası rədd edilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(038)-107/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-107/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver