Məhkəmə qərarları › İş №e-2(038)-385/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-385/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-385/2024 02.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 Azad oğlunun sədrliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 1870 manat məbləğində vurulmuş zərər və 38,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 1908,70 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “HYUNDAİ HD65” markalı, 90–FU–282 dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il sentyabrın 18-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ HD65” markalı, 90–FU–282 dövlət nömrə nişanlı yük avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran – Bilgəh yolunda “İNFİNİTY QX50” markalı, 99–XV–028 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sabunçu DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 6685 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “İNFİNİTYQX50” markalı, 99–XV–028 dövlət nömrə nişanlı avtomobillə 1870 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarxində 1870 manat sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 23 may 2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qeydiyyatda olduğu Yardımlı rayonu Köryədi kəndinə göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Yardımlı RİHB-nın Vəlixanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: "xxxx" ASC ilə X1 arasında xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli icrbari sığorta müqaviləsindən görünür ki, “HYUNDAİ HD65” markalı, 90–FU–282 dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA94994 №-li sığorta aktından görünür ki, 2021-ci il sentyabrın 18-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ HD65” markalı, 90–FU–282 dövlət nömrə nişanlı yük avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran – Bilgəh yolunda “İNFİNİTY QX50” markalı, 99–XV–028 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı X3 1870 manat ödəniş həyata keçirilməlidir. Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmiş, 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 6685 nömrəli qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “İNFİNİTYQX50” markalı, 99–XV–028 dövlət nömrə nişanlı avtomobilə 1870 manat məbləğində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1870 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, sığorta ödənişinin alınması üçün plastik kart "xxxx" ASC tərəfindən X3 təhvil verilmişdir. "xxxx" ASC tərəfindən məhkəmə iddia qaldırmaq üçün 38,70 manat dövlət rüsumu ödənilmişdir. “İcbari Sığorta Haqqında” Qanunun 25.1.3-cü bəndində görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Qeyd olunan hüquq normaları ilə hazıki işin faktiki hallarını qarşılıqlı şəkildə tədqiq etməklə müəyyən olunur ki, “HYUNDAİ HD65” markalı, 90–FU–282 dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il sentyabrın 18-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ HD65” markalı, 90–FU–282 dövlət nömrə nişanlı yük avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran – Bilgəh yolunda “İNFİNİTY QX50” markalı, 99– XV–028 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 nəqliyyat vasitəsinə 1870 manat maddi zərər dəymişdir. Dəymiş zərərin məbləği "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 6685 nömrəli qiymətləndirmə aktına əsasən müəyyənləşdirilmişdir. Qeyd olunan ziyan məbləği iddiaçı "xxxx" ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Belə olan halda iddiaçının Cavabdeh qarşı faydalanan şəxsə ödənilmiş sığrota haqqını geri tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38,70 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş zərərə görə 1870 manat və dövlət rüsumuna görə ödənilmiş 38,70 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar