Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-398/2025 30.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, ərizəçi İddiaçı ASC-nin maraqlı şəxs Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ASC ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli «barışıq sazişinin təsdiq edilməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx"ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Opel-Astra” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək İddiaçı ASC tərəfindən “daşınmaz əmlakın icbari sığorta” təminatı almış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış obyektinə maddi ziyan vurmuşdur. Odur ki, Cavabdeh ile xx.xx.2025-ci ildə Bakı 9 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağladığları MŞB/9/2025-00347 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İddiaçı ASC-nin nümayəndəsi X1 ilə Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00347 saylı barışıq sazişindən görünür ki, tərəflər İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 (Bundan sonra Birinci Tərəf) və Cavabdeh (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar:
2. Tərəflər təsdiq edirlər ki, X4 Tərəfə Subraqasiya hadisəsi nəticəsində 3898 (üç min səkkiz yüz doxsan səkkiz) manat borcu yaranmışdır. İkinci Tərəf xx.xx.2025-ci il tarixdə Birinci Tərəfə 500 (beş yüz) manat ödəmişdir. Qalıq 3398(üç min üç yüz doxsan səkkiz) manat vəsaiti isə hissə hissə xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 19-u 500 (beş yüz) manat, sonuncu ay isə 398 (üç yüz doxsan səkkiz) manat olmaqla tam şəkildə ödəyəcək.
3. İkinci Tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, X6 Tərəfin borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanuna uyğunsuzluq olmamışdır. Lakin maraqlı şəxs Cavabdeh tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri)
NƏTİCƏ HİSSƏSİ:
Beləliklə, məhkəmə qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00347 saylı barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
Ərizə təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025- 00347 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X7