Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-534/2025 14.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi və İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 599.90 manat əsas və 89.90 manat cərimə olmaqla, cəmi 689.80 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “BEKO” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34.00 manat olmaqla, cəmi 599.90 manat ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə 599.90 manat əsas borcu, 899.00 manat cərimə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı ********* saylı müqavilə üzrə 899.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 89.90 manat "xxxx" MMC-yə ödənilməlidir. Odur ki, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh əsas borcu 599.90 manat əsas, 89.90 manat cərimə, 689.80 manat təşkil etmişdir. Cavabdehə borcun ödənilməsi barədə rəsmi olaraq bildiriş göndərilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, işin ətraflı araşdırılması məqsədilə mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçıdan paltaryuyan maşın almışdır. Həmin paltaryuyanı iddiaçının əməkdaşları gətirib evində, axşam qalanlıqda vermişlər. Lakin paltaryuyanın işlək vəziyyətdə olması yoxlanılmamışdır. Səbəbi isə tələsmələri olmuşdur. Ona tələsik gedəcəklərini, gec olduğunu demişlər. O da ilk dəfədir ki, belə halla qarşılaşdığı üçün heç bir söz deməmişdir. Sonradan isə əşyanın sınması və işlənib qaytarılmış mal olduğu ona məlum olmuşdur. Bu barədə dəfələrlə iddiaçı tərəfə məlumat vermişdir. Lakin heç bir nəticə olmamışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Təhviltəslim aktı var və əşya cavabdehə təhvil verilmiş, cavabdehdə razılaşmışdır. Cavabdeh əşyanın qoşulub yoxlanılmasını istəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi və 1 nömrəli Əlavədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh aldığı “BEKO” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34.00 manat olmaqla, cəmi 599.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək Cavabdeh 599.90 manat əsas, 899 manat cərimə olmaqla, cəmi 1498.90 manat borcu vardır. Hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi və 1 nömrəli Əlavədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh aldığı “BEKO” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34.00 manat olmaqla, cəmi 599.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədə şərtləndirilmiş qaydada ödənişləri vaxtında etməməklə, üzərinə götürdüyü öhdəliyi lazımınca, vaxtında və tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə eyni zamanda iddiaçının etirazının dəlillərinə də qiymət verərək, hesab edir ki, həmin etiraz iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən ona satılan malın təhvil verildikdən sonra qüsurlu olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, alqı-satqı müqaviləsinə əlavədən görünür ki, cavabdeh ona satılmış malı qüsursuz şəkildə təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir. Bu hal iddiaçını malın qüsurlu olmadığını sübut etmək vəzifəsindən azad edir və artıq malın qüsürlu olmasına dair etirazın dəlillərini sübut etmək vəzifəsi cavabdehə keçmiş olur ki, cavabdeh də bunu təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. MPM-nin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 599.90 manat əsas borc, 89.90 manat cərimə borcu olmaqla, cəmi 689.80 manat, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 599.90 manat əsas borc, 89.90 manat cərimə borcu olmaqla, cəmi 689.80 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(038)-534/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-534/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver