Məhkəmə qərarları › İş №e-2(038)-599/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-599/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-599/2025 06.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Azad oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yardımlı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 290 manat əsas borc, 100 manat gecikmə faiz və 75 manat dövlət rüsumu məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 15 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi Cavabdeh göndərilməsinə və sonuncu tərəfindən 25 sentyabr 2025-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı fiziki şəxs kimi (VÖEN: **********) “Mobi Home” mağazası adı altında fəaliyyət göstərir. Cavabdeh xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləyə əsasən ümumi dəyəri 510 manat olan Xiaomi POCO M3 markalı mobil telefonu 18 ay müddətinə satışını həyata keçirmişdir. Borclu Cavabdeh ödəniş cədvəlinə əsasən 220 manat ödəniş etmişdir. Cavabdeh nisyə alqı-satıq müqaviləsinə əsasən 290 manat borcu qalmışdır. Sonuncu ödənişindən 2 ildən artıq keçməsinə baxmayaraq hələdə ödəniş olunmamışdır. Cavabdehin ünvanına pretenziya məktubu göndərilmişdir. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün 30 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə yuxarıda qeyd olunan malları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerirə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya olan əsas borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın cərimə məbləği ilə əlaqədar hissəsi ilə əlaqədar hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 290 manat cərimə məbləği tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə həmin müqavilə üzrə gecikdirilmiş 290 manat əsas məbləğə görə 20 manat məbləğində cərimənin cavabdehdən tutulmasını ədalətli hesab edir. Məhkəmə eyni zamanda iddia tələbinin 75 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 75 maant deyil, 30 maant məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 290 manat əsas borc və 20 manat cərimə olmaqla, ümumilikdə 310 manat və məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar