Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1068/2023 14.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat məbləğində vurulmuş zərər və 105 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 8605 manat) alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21063” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobil 06 aprel 2019-cu ildən 06 aprel 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 06 aprel 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il iyunun 15-də Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21063” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobillə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən “Laçın” restoranın həyətindən, yola bitişik ərazidən Mingəçevir – Bəhrəmtəpə asfalt yoluna sağdan çıxarkən “QAZ 2705” markalı, 09–BP–178 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ 21063” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin X3 aldığı xəsarətlərdən ölmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 1(091)-14/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməklə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 18 nömrəli ekspert rəyinə əsasən X1 aldığı xəsarətlərin nəticəsində ölməsi 15 iyun 2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsinə baş verdiyi təsdiqlənmişdir. Fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyəti X2 tərəfindən verilmiş təmir smetasına əsasən hadisə nəticəsində “QAZ 2705” markalı, 09–BP–178 dövlət nömrə nişanlı avtomobilə 3500 manat məbləğində zərər dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə əsasən bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. İddiaçı 19 dekabr 2019-cu il tarixində 5000 manat məbləği X1 varisi Xəlilova Ülkər Rafiq qızına sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı 20 dekabr 2019-cu il tarixində 3500 manat məbləği “QAZ 2705” markalı, 09–BP–178 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Zeynalov Hikmət Məzahir oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş bank hesabına ödəmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 1(091)-14/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməklə təqsirli bilinib 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum dilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 01 mart 2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh 14 avqust 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən PXA56323 saylı sığorta aktından məlum olur ki, "xxxx" ASC tərəfindən Zeynalov Hikmət Məzahir oğluna 3500 manat ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən PXA56324 saylı sığorta aktından məlum olur ki, "xxxx" ASC tərəfindən Xəlilova Ülkər Rafiq qızına 5000 manat ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 mart 2023-cü il tarixli ********** saylı qəbzdən məlum olur ki, "xxxx" ASC 105 manat dövlət rüsumu ödəmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə, Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinin tələbinə görə, Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, mülki hüquq pozuntusu Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 8500 manat məbləğində dəymiş ziyan və 105 manat dövlət rüsumu cavabdehlərdən tutularaq "xxxx" ASC-nin xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8500 manat məbləğində dəymiş ziyan və 105 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-1068/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1068/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver