Məhkəmə qərarları › İş №e-2(039)-120/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-120/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-120/2023 06.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ əsasında borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği 3150 manat, 52.40 manat dövlət rüsumu olmaqla ümumilikdə 3202.40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Qaz 2411” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Xaldan Zaqatala yolunun 1-ci km-liyi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Vaz 21723” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, hadisə ilə bağlı Yevlax Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, № 3(039)-754/2022 saylı qərarla “Qaz 2411” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21723” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3150 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS222251 saylı xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 3150 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh məxsus olan sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixinə qədər olmuşdur. Yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixində baş verdiyindən, artıq sonuncu dövr üçün şəxsin nəqliyyat vasitəsi idarə etmək səlahiyyətinin olmadığı məlum olur. Cavabdeh hadisə vaxtı “Qaz 2411” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyatı hadisəsi zamanı o, təqsirinə görə inzibati məsuliyyətə cəlb olunmuş və cərimə edilmişdir və ondan vurulmuş ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktından müəyyən olunur ki, İAS222251 saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Qaz 2411” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə Xaldan-Zakatala yolunun 1-ci km-i Manevretmə qaydasının pozulması baş verən hadisəsi zamanı avtomobil ilə toqquşması nəticəsində ** RJ *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyan "xxxx" ASC tərəfindən dəymiş maddi zərərə 3150 manat sığorta ödənişi edilmişdir. “icbari sığorta müqaviləsinə” dair məlumatdan görünür ki “Qaz 2411” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı X1 tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; Yevlax Rayon Məhkəməsinin 3(039)-754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Müstəqil ekspert T.Əhməd tərəfindən iddiaçının sifarişi əsasında verilmiş Nəqliyyat vasitəsinin dəyərləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, material və ehtiyat hissələrinin dəyəri 2190 manat, nəqliyyat vasitəsinin təmir-xidmət işlərinin dəyəri 960 manat dəyərindədir. Avtomobilin təmiri xərcləri cəmi 3150 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 3150 manat sığorta ödənişi edilmişdir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 52 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 aprel 2023-cü il tarixli, 9/935 saylı rəyindən görünür ki, iş materiallarında olan müstəqil ekspert tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “VAZ 21723” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3150 manat müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış avtomobil ilə sığorta hadisəsi törətmiş və Cavabdeh sözügedən hadisəni törədərkən onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Hadisə zamanı vurulmuş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3150 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52.40 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə, 50 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3150 (üç min yüz əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52 (əlli iki) manat 40 (qırx) qəpik alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** Hesab AZ34CTRE******************** hesab nömrəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar