Məhkəmə qərarları › İş №e-2(039)-122/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-122/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-122/2025 22.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair) iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 9500 manat pul vəsaitinin və 115 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 20:30 radələrində Yevlax rayonu ərazisində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Nissan Maxima” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, X2 və X3 az ağır, X4 və X5 yüngül dərəcəli xəsarət almış, X1 vəfat etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-93/2023 saylı hökmünə əsasən, Cavabdeh sığortalı nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə aktında göstərilmişdir ki, “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2.500 manat təşkil edir. Həmçinin hadisə nəticəsində X2 və X3 az ağır xəsarət aldığındanhər birinə 1500 manat, X4 və X5 yüngül dərəcəli xəsarət aldığından hər birinə 750 manat, X1 vəfat etdiyindən isə 5000 manat sığorta ödənişi zərərçəkənlərə ödənilmişdir. Bununlada baş vermiş yol nəqliyyat hadisəsi üzrə "xxxx" ASC tərəfindən iş üzrə PXA134222, PXA134223, PXA134228, PXA134245, PXA134249, PXA134250, PXA134222 və PXA134344 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 9500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakları olmadam keçirilməsini və iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək, hazırda həbsdə olduğu üçün hər ay 30 manat ödəyə ödəyəcəyini qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.(müvafiq ərizə təqdim edir). Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; “İcbari sığorta müqaviləsinə” dair məlumatdan görünür ki “Nissan Maxima” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı Cavabdeh tərəfindən xx.xx.2022ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 115 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış avtomobil ilə sığorta hadisəsi törətmiş və Cavabdeh sözügedən hadisəni törədərkən onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Hadisə zamanı vurulmuş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Cavabdeh mülkiyyətində olan “Nissan Maxima” markalı **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sığorta hadisəsi törədilərkən sözügedən avtomobil Cavabdeh idarəetməsində qanuni əsaslarla olmadığından iddia cavabdehə münasibətdə əsaslıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 9500 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115 (bir yüz on beş) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar