Məhkəmə qərarları › İş №e-2(039)-1778/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1778/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1778/2022 23.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Lenovo İdeapad, X1 A10, Earphones Panasonic, Qoruyucu şüşə, Moues Trust, İmei Kod **********61911 Samsung Galaxy A10 markalı telefon üçün 691 manat ödənilməmiş hissə, 207,9 manat cərimə ümumilikdə 898,9 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Lenovo İdeapad, X1 A10, Earphones Panasonic, Qoruyucu şüşə Moues Trust, İmei Kod **********61911 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 898,9 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1188 manat olan Lenovo İdeapad, X1 A10, Earphones Panasonic, Qoruyucu şüşə Moues Trust, İmei Kod **********61911 Samsung Galaxy A10 markalı telefon 12 ay müddətinə, aylıq ödəniş 99 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Bu müqavilə üzrə cavabdehin 691 manat ödənilməmiş hissə və 207,9 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 497 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 "xxxx" MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. İddiaçı MMC-nin direktoru F.H.İsrafilzadə Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01014815 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Lenovo İdeapad, X1 A10, Earphones Panasonic, Qoruyucu şüşə Moues Trust, İmei Kod **********61911 Samsung Galaxy A10 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-1188 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 13 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alğı-satqı qiyməti 1188 manat olan mallar üçün ümumilikdə 898.9 manat olmaqla, 691 manat ödənilməmiş hissə və 207.9 manat cərimə borcu, cəmi 898.9 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və müqavilələrdə nəzərdə tutulmuş malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Müqavilə üzrə cəmi 691 manat əsas borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 207,9 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 17,9 manat müəyyən edilməlidir. Qeyd olunananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 691 manat əsas borc və 17,90 manat cərimə borcu olmaqla, ümumilikdə 708.90 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 691 manat əsas borc və 17,90 manat cərimə borcu olmaqla, ümumilikdə 708 (yeddi yüz səkkiz) manat 90 (doxsan) qəpik borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar