Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1934/2022 27.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliövsət oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliövsət oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçı ASCnin xeyrinə 7881 manat məbləğində dəymiş ziyana görə və ödənilmiş 98,81 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 idarə etdiyi Cavabdeh2 Əliövsət oğluna məxsus olan "xxxx" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar TP4268578 saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. ASC tərəfindən müqavilə üzrə öhdəliyi əsasında zərərçəkən sığortalı avtonəqliyyat vasitəsi təmir olunması üçün təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-PG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 12.881 manat müəyyən edilmişdir. ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 12.881 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin elektron qaiməsinə əsasən sonuncunun hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5000 manat sığortaçı tərəfindən ödənilmiş, qalıq 7881 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində ASC-nin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş olunsa da, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliövsət oğlu məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AD seriyalı 909211 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı, **-BK-***3 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 Əliövsət oğludur. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin yekun aktdan görünür ki, “Hyundai Elantra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın ümumi miqdarı 12.881 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 12.881 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir xx.xx.2021-ci il tarixli elektron qaimə görünür ki, "xxxx" ASC tərəfindən yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyərinə görə 12881 manat məbləğində pul ödənilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 98.81 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmış avtomobilini, etibarnamə ilə digər Cavabdeh1 idarə etmək üçün vermiş və sonuncu yol nəqliyyat hadisəsi törətmişdir. Sığorta hadisəsi zamanı zərərçəkən şəxsə vurulmuş 7881 manat məbləğində ziyan iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Mülki Məcəllə: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülkhüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İnzibati Xətalar Məcəlləsi: Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 7881 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7881 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliövsət oğlundan iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98.81 manat, 0,40 manat bank xidməti xərcinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliövsət oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliövsət oğlundan 7881 (yeddi min səkkiz yüz səksən bir) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 98.81 manat, 0,40 manat bank xidməti xərcinin Cavabdeh1 və Cavabdeh2 Əliövsət oğlundan alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1934/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1934/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver