Məhkəmə qərarları › İş №e-2(039)-1985/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1985/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1985/2024 22.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı “Soliton LTD» MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Soliton LTD» MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, xx.xx.2019-cu il tarixli EHK5828071 saylı müqavilə üzrə 671 manat əsas borc, 150 manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 851 manat (səkkiz yüz əlli bir) manat borcun Cavabdeh tutularaq “Soliton LTD» MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh “Soliton LTD» MMC-dən xx.xx.2019-cu il tarixli EHK5828071 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 919 manat dəyərində məişət avadanlığı almış və aldığı əşyanın dəyərini 15 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli EHK5828071 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh “Soliton LTD» MMC-dən 919 manat dəyərində məişət avadanlığı almış və aldığı əşyanın dəyərini 15 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 671 manat əsas borc, 150 manat faiz borcu, cəmi 821 (səkkiz yüz iyirmi bir) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq “Soliton LTD» MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar