Məhkəmə qərarları › İş №e-2(039)-2507/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2507/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2507/2022 21.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2022-ci il tarixli CAR- 2016 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 iyul 2022-ci il tarixə 636.07 manat gecikdirilmiş əsas, 179.67 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 303.26 manat dəbbə pulu, həmçinin lizinq obyektinin təmir-bərpası üçün tələb olunan 2161.20 manat, cəmi 3280.20 manat borc və ödənilmiş 52.80 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı MMC ona qarşı «dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddiasının əsassız olduğu üçün rədd edilməsi və borcun tam silinərək avtomobilin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Azevrocar MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2022-ci il tarixli CAR-2016 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533200 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 14 % hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 408.11 manat, ümumilikdə isə 9795 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 9795 manatın 8500 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentr”a markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 iyul 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2161.20 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 15 mart 2022-ci il tarixli CAR-2016 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 iyul 2022-ci il tarixə ümumilikdə 1119 manat məbləğində gecikmə borcu yaranmışdır. Borclu tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 may 2022-ci il tarixdə 417 manat məbləğində olmuş, həmin ödəniş gecikdirilmiş lizinq borcundan çıxılmışdır. Hal-hazırda lizinq obyektinin şirkətə təhvil verildiyi tarixə ümumilikdə 1119 manat məbləğində gecikdirilmiş lizinq borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, həmin avtomobili oğlu lizinqə götürmüşdür. Oğlu 19 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bank əməkdaşları avtomobili aparmaq üçün onun evinə gəlmişlər. Lakin avtomobillə bağlı bankla razılığa gəlib öz adına yeni müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən hər ay 400 manat ödəniş etməli idi. Lakin pulu ödəyə bilmədiyi üçün avtomobili iddiaçının əməkdaşları aparmışlar. Avtomobili o təhvil verməmişdir. Avtomobil saz vəziyyətdə idi. Onun günahı ucbatından avtomobilə heç bir ziyan dəyə bilməzdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 18 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, İddiaçı MMC 52.80 manat dövlət rüsumu ödəmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2022-ci il tarixli qüsur aktından məlum olur ki, Khazar SD markalı ** PE *** dövlət nömrə nişanlı avtomobilə cəmi 2161.20 manat ziyan dəymişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 27 iyul 2022-ci il tarixli aktından məlum olur ki, “Daewoo Gentra” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobil təhvil verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 28 sentyabr 2022-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh 16 avqust 1957-ci il tarixdə anadan olmuş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 14-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xəbərdarlıqdan məlum olur ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh öhdəliklərinin icra edilməsini, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 21 avqust 2017-ci il tarixli AC 982641 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “Daewoo Gentra” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2022-ci il tarixli CAR-2016 saylı müqavilədən məlum olur ki, tərəflər arasında bağlanmış müqavilə əsasən “Daewoo Gentra” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlrlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 303.26 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-yə məxsus “Daewoo Gentra” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobilin lizinqə verilməsi barədə müqavilə üzrə iddiaçı şirkətdən “Daewoo Gentra” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobili lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddiaçının əməkdaşları avtomobili geri almışlar. Həmçinin avtomobilə 2161.20 manat ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, avtomobil 27 iyul 2022-ci il tarixdə təhvil verilərkən cavabdehin iştirakı təmin edilməmiş, yəni akt cavabdeh tərəfindən imzalanmamışdır. Avtomobilə ziyan dəysə də, iddiaçı həmin ziyanın cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də iddia ziyan hissəsində təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 636.07 manat əsas borc, 179.67 manat mükafat borcu və 6 manat cərimə borcu, cəmi 821.74 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 636.07 manat əsas borc, 179.67 manat mükafat borcu və 6 manat cərimə borcu, cəmi 821.74 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar