Məhkəmə qərarları › İş №e-2(039)-2712/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2712/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2712/2023 28.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2601.48 manat borcun və 46.02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izah etdi ki, İddiaçı MMCnin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli 18/22-061 saylı alqı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Balçılı kəndi ərazisində 1,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 2788,51 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 148,00 manat məbləğində şum, 68,00 manat məbləğində mala, 70,00 manat məbləğində kanal çəkmə, 28,00 manat məbləğində çiyid səpini, 160,00 manat məbləğində kultivasiya, 32,00 manat məbləğində kultivasiya gübrə, 32,00 manat məbləğində boraza, 130,00 manat məbləğində dərman səpini, 567,00 manat məbləğində pambığın maşınla yığımı, 250,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1015,51 manat məbləğində gübrə və dərman, 256,00 manat məbləğində toxum, 2021-ci il mövsümündən ödənilməmiş 1783,57 manat məbləğində borc nəzərə alınmaqla, ümumilikdə, 4572,08 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2472,17 kq 1970,60 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 2601,48 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qayimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdehnın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 dekabr 2021-ci il tarixli 18/21-061 saylı müqavilənin surətindən məlum olur ki, Cavabdeh 1 hektar sahədə pambıq əkməyi və məhsul əldə etməklə, məhsulu istehsal edib İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xəbərdarlıq və bildiriş məktublarından məlum olur ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aktların surətindən məlum olur ki, Cavabdehnın torpaq sahəsində əkin işləri aparılmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 2601.48 manat borc və ödənilmiş 46.02 manat məbləğində dövlət rüsumu, xx xxxxxxxx 1979-cu il tarixdə Yevlax rayonu, Balçılı kəndində doğulmuş, Yevlax rayonu, Balçılı kəndində qeydiyyatda olan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar