Məhkəmə qərarları › İş №e-2(039)-346/2024

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(039)-346/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-346/2024 21.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7538.27 manat borcun və 95.39 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-054 saylı xam pambığın alğı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində 4,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 12928,98 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 96 manat məbləğində çöp doğrama, 680,80 manat məbləğində şum, 244,80 manat məbləğində mala çəkmə, 30 manat məbləğində kanal çəkmə, 84 manat məbləğində çiyid səpini, 216 manat məbləğində kultivasiya, 85 manat məbləğində kultivasiya gübrə, 252 manat məbləğində rotasion kultivasiya, 144 manat məbləğində boroza, 552,50 manat məbləğində dərman səpini, 90 manat məbləğində pambığın maşınla yığımı, 2000,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2271,65 manat məbləğində gübrə və dərman, 512 manat məbləğində çiyid, 600 manat məbləğində pambığın əl yığımına görə ödənilən vəsait, 5070 manat məbləğində ötən illərdən qalıq borc nəzərə alınmaqla, ümumilikdə, 12928,98 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 5390,71 manat məbləğində, 7541,35 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 7538,27 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; “Xam-pambığın alıq-satqısına dair xx.xx.2021-ci il tarixli 18/21-054 saylı müqavilədən görünür ki, İddiaçı MMC-nin Yevlax filialı tərəfindən fermer Cavabdeh məxsus olan Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 4 ha torpaq sahəsində panbığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibiliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Cavabdeh və iddiaçının əməkdaşlarının iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, İddiaçı MMC-nin Yevlax filialı tərəfindən fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-054 saylı müqavilənin icrası ilə bağlı Atk tərtib olunan günə qarşılıqlı hesablaşma aparılmış və müəyyən edilmişdir ki, fermer Cavabdeh yekun xərc olaraq 12928,28 manat (bu məbləğin daxilində ötən illərdən qalan borlar da vardır) hesablanmış fermer Cavabdeh alınmış xam pambıq və onun tərəfindən dərman və gübrə üçün 5390,71 manat məbləğində subsidiya məbləği ödənilmiş, nəticədə yekun olaraq 7538,27 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixli 18/21-054 saylı alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib alacağı məhsulun müqabilində cavabdehə qabaqcadan avans vermiş olsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və İddiaçı MMC-yə müqavilə üzrə cəmi 7541.35 kq olmaqla 5390,71 manat dəyərində xam-pambıq vermişdir. Odur ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən 7538,27 əsas borc məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7538.27 (yeddi min otuz səkkiz manat iyirmi yeddi qəpik) manat əsas borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 95.39 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 18/21-054 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 7538.27 (yeddi min otuz səkkiz manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş 95.39 (doxsan beş manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar