Məhkəmə qərarları › İş №e-2(039)-66/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-66/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-66/2025 17.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı «Azərmaş” MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli MAS-1833 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220095 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(039)-1646/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək, “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 2904.21 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 12026.25 manat ziyan dəymişdir. İddiaçı cəmiyyət tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1, 748-1.8, 748-1.12, 748-7.1, 748-7.11-ci maddələrinə istinad edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 12026.25 manat pulun və ödənilmiş 126.10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, işdə olan İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 29 dekabr 2019-cu il tarixdə bağlanmış MAS-1833 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən lizinq obyektini Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi dəyəri 13300 manatdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “KHAZAR SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-dən təhvil almışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1646/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli MAS-1833 saylı daxili lizinq müqaviləsinin ləğv olunması, lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar SD» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220095 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 2832.09 manat əsas borc, 44.12 manat mükafat və həmin günə hesablanmış 28 manat dəbbə pulu, cəmi 2904.21 manat borcun və 49.04 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. “X1” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, **- PG-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” minik markalı avtomobiə dəymiş ziyan ümumi xidmət haqqı 3170 manat və ehtiyat hissələrinin ümumu dəyəri 7021 manat, Ə.D.V ümumi dəyəri 1834.51 manat olmaqla, cəmi 12026, 25 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli, 1856 saylı bildirişdən görünür ki, iddiaçı cəmiyyət tərəfindən lizinq obyektinə vurulmuş ziyanın ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Yevlax Rayon Məhkəməsinin hesabına 126.10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8828 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazasında (5-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təximinən 9918 manat müəyyən edilir. O, cümlədən qiyməti-6748 manat, təmir-bərpa işlərinin qiyməti 3170 manat. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8964 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti 5794 manat, təmir-bərpa işlərinin qiyməti 3170 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli MAS-1833 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220095 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(039)-1646/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək, “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 2904.21 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə maddi ziyan dəymişdir. İddiaçı cəmiyyət tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh vurduğu ziyanı ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cəmiyyət iddia ərizəsində cavabdeh tərəfindən lizinq obyektinə 12026.25 manat ziyan vurulduğunu göstərsə də, işdə olan ekspert rəyi ilə həmin ziyanın 8964 (səkkiz min doqquz yüz altmış dörd) manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq 8964 (səkkiz min doqquz yüz altmış dörd) manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 8964 (səkkiz min doqquz yüz altmış dörd) manat pul və 109.64 (bir yüz doqquz manat altmış dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar