Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-674/2025 22.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X4 və onun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Yevlax rayon 1 saylı Notariat ofisində yazılmışmiras paydan imtina barədə xx.xx.2024-cü il tarixli ərizənin ləğv edilməsinə dair, mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsə tanınaraq, həmin evin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və X10 onun mərhum əri X6 birinci nikahdan olan övladlarıdır. X13 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. O, cavabdehlərin onu aldatması nəticəsində Xasay Əkbərovdan miras qalmış əmlakdan imtina barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Yevlax rayon 1 saylı Notariat ofisinə müraciət etmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və X10 ona bildirmişlər ki, o, mirasdan imtina etsin ki, onlardan birinin adına ev keçsin, satıldıqdan sonra onun payını verəcəklər. O da onlara inanıb notarial qaydasında imtina ərizəsi yazmışdır. Lakin hazırda cavabdehlər Cavabdeh1 və X2 Xasay Məhəmməd oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən evdən çıxmağını tələb edirlər və onun imtina məktubunu yazdığını və ona görə də iddiaçıya miras əmlakdan pay düşməyəcəyini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun aldanmasını bacıları da təsdiq edə bilər. Belə ki, cavabdeh İlqar ona bacılarının yanında vəd vermişdir. Mübahisəli yaşayış evi 2 mərtəbəlidir. Yaşayış evinin 1-ci mərtəbəsi onun istifadəsindədir. Müvəqqəti Gəncə şəhərində yaşayır. Cavabdeh 2-ci mərtəbənin qapsını bağlamış və onu evə buraxmır. Yaşamağa yeri yoxdur. Verilmiş suala cavab olaraq bildirdi ki, əvvəllər 1-ci mərtəbədə də yaşamışlar. Aldanmasını 1 həftə sonra bildiyi üçün mirasdan imtinayla bağlı ərizəsinin ləğvinə dair ərizə ilə müraciət etmişdir. Notariusda əmlakdan imtina ilə bağlı ona hüquqları izah edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçının göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında cavabdeh X11 göstərdi ki, iddiaçının qeyd etdikləri yalandır. Digər Cavabdeh1 onun qardaşıdır. İddiaçı ögey analarıdır və öz istəyi ilə əmlakdan imtina etmişdir. Atası rəhmətə getdikdən sonra hələ 40 mərasiminə qədər iddiaçı gözünün malmülkdə olmamasını demişdir. Bundan başqa iddiaçını evdən heç kim çıxartmamışdır. O və qardaşı işlə əlaqədar Yevlax şəhərində yaşamırlar. Fərdi yaşayış evi 1-ci mərtəbəsi iddiaçının istifadəsindədir. Fərdi yaşayış evinin 2-ci mərtəbəsində mərhum anasına aid əşyalar olduğu üçün sözügedən mərtəbənin giriş qapısı bağlanmışdır. İddiaçı ərizəylə məhkəməyə müraciət etdikdən sonra, fərdi yaşayış evinin satılacağını, satıldığı təqdirdə də ona satışdan əldə olunan məbləğdən 5000 verəcəklərini bildirmişlər. İddiaçıya heç kim təsir və hədə qorxu gəlməmişdir. Ərizəçi öz istəyilə mirasdan imtina etmişdir. Məhkəmə iclasında cavabdeh X4 vəkili X9 göstərdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının aldanması ağılabatan deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Roza onun bacısıdır. X12 bacısının əri olmuşdur. Xasay Əkbərov rəhmətə getmiş, sonuncunun 7 mərasimində o da orada olmuş, bacısının ögey oğulu İlqar onlara sözü olduğunu və yas mərasimi qurtardıqdan sonra getməmələrini bildirmişdir. Həmin gün İlqar Rozaya evi satacaqlarını və həmin evdən də Rozaya pay verəcəklərini, yəni Rozaya ev alacaqlarını, Rozaya məxsus əşyaların da həmin evə yerləşdirəcəklərini bildirmişdir. Bir müddət keçəndən sonra Roza ona zəng etmiş və İlqarın onu notariusa apararaq mirasdan imtina ərizəsinə qol çəkdirdiyini bildirmiş, o da Rozaya “sənin ağlın qaçıb? Nəyə qol çəkirdin, heç uşaqlar atasına baxmayıb) demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirdi ki, Roza onun bacısıdır. X12 bacısının əri olmuşdur. Xasay Əkbərov rəhmətə getmiş, sonuncunun 7 mərasimində o da orada olmuş, həmin gün İlqar Rozaya evi satacaqlarını “səni çöldə qoymayacağıq” demişdir. O da İlqara yasın pulundan, avtomobilin pulundan Rozaya vermələrini, Rozanın çörək almağa pulunun olmadığını demişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçını, cavabdehi, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon 1 saylı notariat ofisinin 09 yanvar 2025-ci il tarixli, 15 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 8İ-7332 reystr nömrəli ərizənin ləğv edilməsi və ərindən qalan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair İddiaçı ərizəsinə notariat ofisində baxılmış və vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməyəcəyini, bu mübahisəylə bağlı məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, 7332 reystr nömrəli “Elektron notariat” X1 əldə olunmuş Çıxarışın surətindən görünür ki, İddiaçı mirasdan imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, X13 13 dekabr 2024-cü il tarixdə kordiogen şok səbəbindən Yevlax rayonunda ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, Yevlax şəhəri, X23 küçəsi, ev 35 ünvanında yerləşən, 0.024 ha torpaq sahəsi, 167.6 kv.m sahəsi olan daşınmaz əmlak X8 tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli, 323861 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə İddiaçı xx.xx.2019-cu il tarixində rəsmi nikah bağlamışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh1 notariat ofisinə ünvanladığı ərizənin surətindən görünür ki, atası X13 xx.xx.2024-cü il tarixdə ölmüş, onun ölümündən sonra miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Həmin ərizədə eyni zamanda notarius tərəfindən ərizəçiyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-1269-cu maddələrinə uyğun olaraq mirasdan imtina barədə ərizə geri götürülə və ya ləğv edilə bilinməyəcəyi, mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olması barədə izah edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı Xasay qızının notariat ofisinə ünvanladığı ərizənin surətindən görünür ki, əri X13 xx.xx.2024-cü il tarixdə ölmüş, onun ölümündən sonra miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Həmin ərizədə eyni zamanda notarius tərəfindən ərizəçiyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-1269-cu maddələrinə uyğun olaraq mirasdan imtina barədə ərizə geri götürülə və ya ləğv edilə bilinməyəcəyi, mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olması barədə izah edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1268-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Yevlax şəhəri, X23 küçəsi, ev 35 ünvanında yerləşən, 0.024 ha torpaq sahəsi, 167.6 kv.m sahəsi olan daşınmaz əmlak X8 tam mülkiyyətində olmuş, İddiaçı ilə X13 10 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. X13 13 dekabr 2024-cü il tarixdə vəfat etmiş, İddiaçı 27 dekabr 2024-cü il tarixdə notariusa ərizə ilə müraciət edərək əri X8 ölümündən sonra sonuncudan miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Lakin, sonradan ərizə ilə Yevlax rayon 1 saylı Notariat ofisinə, daha sonra isə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X5 miras qalmış əmlakdan imtinaya görə 8İ-7332 reyestr nömrəli ərizənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin, şahidlərin və iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında mirasın qəbul edilməsindən imtina ilə bağlı Notariusa müraciət etdiyini, imza edərkən ərizənin mahiyyətini, yəni mirasdan imtina olunması barədə olmasının Notarius tərəfindən ona izah olunsa da, ögey oğlu İlqarın onu Notariusa aldadıb apardığını və ya aldadaraq vəd verdiyini göstərsə də, buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir (iddiaçı tərəfindən şahid qismində təqdim olunan şahidlərin onun öz doğma bacılarının olduğundan izahatları inandırıcı hesab olunmur) Belə ki, mirasdan imtina ərizəsi yazılarkən və təsdiq edilərkən iddiaçı səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. İddiaçı 27 dekabr 2024-cü il tarixdə notariat ofisində 8i-7332 reyestr ilə qeydə alınmış miras paydan imtina ərizəsinin iddiaçının iradəsinə uyğun tərtib edilmişdir. Məhkəmə bu qənaətə gələrkən hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən onun xx.xx.2024-cü il tarixdə vəfat etmiş əri X5 miras qalmış əmlaklardan ona çatası hissəsindən könüllü şəkildə imtina etmişdir. Bu halda ərizəni verməklə vərəsə, öz hüququndan (mirasın ona çatası hissəsindən) imtinanı bəyan etmişdir. Onun ərizəsini notariat orqanı təsdiq etmişdir. Bununla da vərəsə özünü ərizəsini geri götürmək imkanından məhrum etmişdir. X5 miras qalmış əmlakdan qanunvericiliyin tələblərinə müvafiq olaraq könüllü qaydada notariat kontorunda təsdiq olunmuş ərizə vasitəsi ilə digərinin xeyrinə imtina etmiş iddiaçı 2 həftə müddətdən sonra iradə ifadəsini dəyişərək həmin ərizənin etibarsızlığına dair iddia qaldırması vərəsəlik hüquq normalarının tələblərinə zidd olduğundan əsaslı hesab edilə bilməz. Hazırki halda iddiaçı tərəfindən imzalanmış ərizə birtərəfli əqdlərə aid olmuşdur. Həmin əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iş üzrə belə nəticəyə gəlir ki, mirasdan imtina ərizəsinin etibarlılığını şübhə altına hal müəyyən edilməmiş, iddiaçı fəaliyyət qabiliyyətli olmuş, ərizə öz istəyilə könüllü imzalanmış, iddiaçıya təsir, təzyiq, məcburetmə, zarakılıq edilməmişdir. Belə olan halda İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 305-307, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-674/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-674/2025
22.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver