Məhkəmə qərarları › İş №e-2(039)-843/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-843/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-843/2024 15.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Səfərəliyev Altay Eldəniz oğlunun, Cavabdeh Hüseynov Əli Qinyaz oğlunun iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Hüseynov Əli Qinyaz oğluna qarşı borc tələbinə dair iddiasına dair mülki işə açıq məhkəməiclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Hüseynov Əli Qinyaz oğluna qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5604.98 manat borcun və 76.10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Yevlax filialı ilə cavabdeh Hüseynov Əli Qnyaz oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-058 saylı alğısatqı müqaviləsinə əsasən Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində 8 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 16797,98 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 160 manat məbləğində çöp doğrama, 760 manat məbləğində şum, 460 manat məbləğində rotasion mala, 80 manat məbləğində kanal çəkmə, 120 manat məbləğində gübrə çiyid səpini, 528 manat məbləğində kultivasiya, 136 manat məbləğində gübrə kultivasiya, 144 manat məbləğində rotasion kultivasiya, 256 manat məbləğində boroza, 728 manat məbləğində dərman səpini, 1920 manat məbləğində pambığın maşınla yığımı, 200 manat məbləğində tirə kipləşdirici, 2200 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 4104,10 manat məbləğində gübrə və dəman, 921,60 manat məbləğində çiyid, 4079,40 manat məbləğində ötən ildən ödənilməmiş borcu nəzərə alınmaqla, ümumilikdə, 16797,10 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraqmövsüm başa çatsa da 12849,33 kq, 10192,12 manat məbləğində xam-pambıq təhvil vermiş, 1000 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən cəmiyyətə 5604,98 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “cavabdeh” “iddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Səfərəliyev Altay Eldəniz oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Hüseynov Əli Qinyaz oğlu izahatında iddianı qəbul edərək, iddiaçı "xxxx" MMC-yə 5604.98 manat borcu olduğunu bildirmiş və gələcəkdə həmin borcu ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir (bu barədə müvafiq ərizə təqdim etmişdir). Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; “Xam-pambığın alıq-satqısına dair xx.xx.2021-ci il tarixli 18/21-054 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin Yevlax filialı tərəfindən fermer Hüseynov Əli Qinyaz oğluna məxsus olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 8 ha torpaq sahəsində panbığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibiliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Cavabdeh və iddiaçının əməkdaşlarının iştirakları ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, "xxxx" MMC-nin Yevlax filialı tərəfindən fermer Hüseynov Əli Qinyaz oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-054 saylı müqavilənin icrası ilə bağlı Atk tərtib olunan günə qarşılıqlı hesablaşma aparılmış və müəyyən edilmişdir ki, fermer Əli Hüseynovun yekun xərc olaraq 5604,98 manat (bu məbləğin daxilində ötən illərdən qalan borclar da vardır) hesablanmış fermer Əli Hüseynovdan alınmış xam pambıq və onun tərəfindən dərman və gübrə üçün 4079.40 manat məbləğində subsidiya məbləği ödənilmiş, nəticədə yekun olaraq 5604,98 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixli 18/21-058 saylı alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib alacağı məhsulun müqabilində cavabdehə qabaqcadan avans vermiş olsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və "xxxx" MMC-yə müqavilə üzrə cəmi 12849.33 kq olmaqla 10192,12 manat dəyərində xam-pambıq vermişdir. Odur ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən 5604,98 əsas borc məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Hüseynov Əli Qinyaz oğlundan 5604.98 (beş min altı yüz dörd manat doxsan səkkiz qəpik) manat əsas borcu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 76.10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüseynov Əli Qinyaz oğlundan xx.xx.2021-ci il tarixli, 18/21-058 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 5604.98 (beş min altı yüz dörd manat doxsan səkkiz qəpik) manat borcu və ödənilmiş 76,10 (yetmiş altı manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar