Məhkəmə qərarları › İş №e-2(040)-1001/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1001/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1001/2024 11.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc ödənilməsi tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 27 oktyabr 2022-ci il tarixli 11227138 saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən 143,5 manat əsas, 21,5 manat cərimə, 15 iyun 2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən 400,9 manat əsas, 60,1 manat cərimə olmaqla ümumilikdə iki müqavilə üzrə 544,4 manat əsas, 81,6 manat cərimə olmaqla cəmi 626 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 11227138 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Xiaomi Poco markalı mobil telefona görə 18 ay müddətinə hər ay 51 manat olmaqla cəmi 908,50 manatı, 15 iyun 2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Taube markalı kondisionerə görə 18 ay müddətinə hər ay 50 manat olmaqla cəmi 899,90 manatı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, ödənişləri qismən etmiş və iki müqavilə üzrə 544,4 manat qalıq borcu qaytarmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Beləliklə, Cavabdehnın 13 avqust 2024-cü il tarixə iki müqavilə üzrə 544,4 manat əsas, 81,6 manat cərimə olmaqla, ümumilikdə 626 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, 27 oktyabr 2022-ci il tarixli 11227138 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh Xiaomi Poco markalı mobil telefon əldə edərək, ilkin ödəniş 210 manat etməklə 18 ay müddətinə hər ay 51 manat olmaqla cəmi 908,50 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 15 iyun 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, Cavabdeh Taube markalı kondisioner əldə edərək, ilkin ödəniş 0 manat etməklə 18 ay müddətinə hər ay 50 manat olmaqla cəmi 899,90 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 13 avqust 2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 27 oktyabr 2022-ci il tarixli 11227138 saylı alqı-satqı müqaviləsi üzrə 765 manat ödəniş etmiş, onun borcu - əsas məbləğ üzrə 143,5 manat, cərimə üzrə 21,5 manat, 15 iyun 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 499 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 400,9 manat, cərimə üzrə 60,1 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə borcu 626 manat (544,4 manat əsas, 81,6 dəbbə pulu) təşkil edir. İş materiallarında olan: 15 avqust 2024-cü il tarixdə göndərilən (iş materiallarında poçt qəbzi vardır) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 544,4 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə iki müqavilə üzrə hesablanmış 81,6 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 27 oktyabr 2022-ci il tarixli 11227138 saylı müqavilə üzrə 1 (bir) manat, 15 iyun 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 3 (üç) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 77,6 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməli Cavabdeh 27 oktyabr 2022-ci il tarixli 11227138 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 143,5 manat (yüz qırx üç manat 50 qəpik) əsas, 1 (bir) manat cərimə, 15 iyun 2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 400,9 manat (dörd yüz manat 90 qəpik) əsas, 3 (üç) manat cərimə olmaqla cəmi iki müqavilə üzrə 548,4 manat (beş yüz qırx səkkiz manat 40 qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 27 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 143,5 manat (yüz qırx üç manat 50 qəpik) əsas, 1 (bir) manat cərimə, 15 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 400,9 manat (dörd yüz manat 90 qəpik) əsas, 3 (üç) manat cərimə olmaqla cəmi iki müqavilə üzrə 548,4 manat (beş yüz qırx səkkiz manat 40 qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar