Məhkəmə qərarları › İş №e-2(040)-1031/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1031/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1031/2025 19.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1) 02 avqust 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********65786 XİAOMİ REDMİ 13C, paket XL xidməti üçün, 292,34 (iki yüz doxsan iki manat 34 qəpik) manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 29,23 (iyirmi doqquz manat 23 qəpik) manat cərimə; 2) 16 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********60005 Samsung Galaxy A05, PAKET M xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 90,30 (doxsan manat 30 qəpik) manat ödənilməmiş hissə, 9,03 (doqquz manat 3 qəpik) manat cərimə olmaqla, ümumilikdə 444,50 AZN (dörd yüz qırx dörd manat-50 qəpik) borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16 dekabr 2023-cü il, 02 avqust 2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********60005 Samsung Galaxy A05, PAKET M xidməti, qızıl zəmanət ultra 2 il xidməti, “İmei kod **********65786 XİAOMİ REDMİ 13C, paket XL xidməti almış və nəticədə 444,50 AZN (dörd yüz qırx dörd manat-50 qəpik) manat borc yaranmışdır. Cavabdeh 02 avqust 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 475,20 AZN olan (ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 26,40 AZN ödəmək şərtilə İmei kod **********65786 XİAOMİ REDMİ 13C, paket XL xidməti üçün ümumilikdə 345,17 AZN olmaqla, ondan 292,34 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,23 AZN cərimə pulu, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum, 16 dekabr 2023cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 379,08 AZN olan (ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 21,06 AZN) İmei kod **********60005 Samsung Galaxy A05, PAKET M xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə 99,33 AZN olmaqla, ondan 90,30 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,03 AZN cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 471,64 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 16 dekabr 2023-cü il tarixli 11224939 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 379,08 manat olan “İmei kod **********60005 Samsung Galaxy A05, PAKET M xidməti, qızıl zəmanət ultra 2 il xidməti” əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 21,06 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 02 avqust 2024-cü il tarixli ********* saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 475,20 manat olan İmei kod **********65786 XİAOMİ REDMİ 13C, paket XL xidməti əldə edərək ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 26,40 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:"xxxx" MMC tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 16 dekabr 2023-cü il tarixli müqavilə üzrə 288,78 manat ödəniş etmiş, onun 90,30 manat ödənilməmiş hissə, 9,03 manat cərimə borcu olmaqla, ümumilikdə 99,33 manat, 02 avqust 2024-cü il tarixli müqavilə üzrə 182,86 manat ödəniş etmiş, onun 292,34 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat rüsum, 29,23 manat cərimə borcu olmaqla, ümumilikdə 345,17 manat, iki müqavilə üzrə cəmi 444,50 manat borcu vardır. İş materiallarında olan: 16 dekabr 2023-cü və 02 avqust 2024-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 24 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 16 dekabr 2023-cü il tarixli 11224939 saylı müqavilə üzrə yaranmış 90,30 AZN (doxsan manat-30 qəpik), 2) 02 avqust 2024-cü il tarixli ********* saylı müqavilə üzrə yaranmış 292,34 AZN (iki yüz doxsan iki manat-34 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 16 dekabr 2023-cü il tarixli və 02 avqust 2024-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 16 dekabr 2023-cü il tarixli 11224939 saylı müqavilə üzrə hesablanmış 9,03 AZN (doqquz manat-03 qəpik) məbləğində cərimə borcu azaldılmalı, cavabdehin üzərində 1 (bir manat), 02 avqust 2024-cü il tarixli ********* müqavilə üzrə hesablanmış 29,23 AZN (iyirmi doqquz manat-23 qəpik) cərimə borcu azaldılmalı, cavabdehin üzərində 2,92 AZN (iki manat-92 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 16 dekabr 2023-cü il tarixli 11224939 saylı müqavilə üzrə 8,03 AZN (səkkiz manat-03 qəpik) cərimə borcu və 02 avqust 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 26,31 AZN (iyirmi altı manat-31 qəpik) cərimə borcu və innovativ layihələr mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat 60 qəpik) manat rüsum hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 1) 16 dekabr 2023-cü il tarixli 11224939 saylı müqavilə üzrə 90,30 AZN (doxsan manat-30 qəpik) əsas borc, 1 AZN (bir) cərimə olmaqla, cəmi 91,30 AZN (doxsan bir manat-30 qəpik) borc; 2) 02 avqust 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 292,34 AZN (iki yüz doxsan iki manat-34 qəpik) əsas borc, 2,92 AZN (iki manat-92 qəpik) cərimə olmaqla, cəmi 295,26 AZN (iki yüz doxsan beş manat-26 qəpik) borc, iki müqavilə üzrə cəmi 386,56 AZN (üç yüz səksən altı manat-56 qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 416,56 AZN (dörd yüz on altı manat-56 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar