Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1032/2025 27.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh -Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin cavabdehlərdən subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3080 (üç min səksən) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 51 (əlli bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 28 fevral 2023-cü il tarixində Tovuz rayonu, Heydər Əliyev prospektində Cavabdeh2 məxsus və şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Volksvagen Crafter minik” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Kia Sorento minik” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. X13 İdarəsi tərəfindən tərtib edilmiş TP5595504 saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.2 -ci, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş “Qüsur aktı”nda göstərilmişdir ki, “Kia Sorento minik” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3080 (üç min səksən) manat məbləğində təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 01 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına loto sistemi vasitəsi ilə sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktları tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3080 (üç min səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 19 avqust 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 22 senyabr 2025-ci il tarixə təyin edilmiş, 27 oktyabr 2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş; İddiaçının nümayəndəsi 12 avqust 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, iş üzrə məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir; Cavabdeh2 gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, cəmi 3080 (üç min səksən) manat borcu hissə-hissə ödəyəcəkdir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh2 iştirak etdiyi 10 iyul 2025-ci il tarixli hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, o, Seymura nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir; nəqliyyat vasitəsini Talehə o vermişdir. Şahid qismində 22 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında dindirilən Şahid ifadəsində bildirmişdir ki, Cavabdeh2 2022-ci ilin sonlarında ona nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə qardaşının adına olub. Nəqliyyat vasitəsini Talehə o vermişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -"xxxx" ASC tərəfindən tərtib edilmiş 04310/2023 saylı “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktı”nın surətindən görünür ki, X7 “Kia Sorento” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3080 (üç min səksən) manat ödəniş almışdır. -Cavabdeh1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə), 332.1 (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 332.3-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələri ilə məsuliyyət nəzərdə tutan 28 fevral 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 28 fevral 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. -“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, 28 fevral 2023cü il tarixdə saat 12:00 dəqiqədə Tovuz şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. -Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən 30 sentyabr 2025-ci il tarixli 3-13-85/2- 9162/2025 saylı müşayiət məktubu ilə məhkəməyə göndərilmiş Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus “Volksvagen Crafter minik” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dair 27 fevral 2023-cü il tarixdən sonrakı tarixlərdə X2, X3, X5, X1, X6 və Şahid etibarnamələr verilmişdir. -Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus “Volksvagen Crafter minik” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Şahid 17 fevral 2022-ci il tarixdə verilmiş etibarnamə 18 yanvar 2023-cü il tarixdə bitmiş, 19 yanvar 2025-ci il tarixdə ləğv edilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli PXA********** nömrəli “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, 2009-cu il istehsalı olan “Volksvagen Crafter” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid adına sığortalanmışdır. -"xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 21 may 2024-cü il tarixli 05/02-769 nömrəli məktubdan görünür ki, Cavabdeh1 3080 (üç min səksən) manat məbləğində pul vəsaitinin 7 (yeddi) iş günü subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin ondan tutulacağı bildirilmişdir. Tətbiq edilməli olan normativ aktlar: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər; zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır; belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar; yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 28 fevral 2023-cü il tarixində saat 12:00-da Tovuz rayonu, Heydər Əliyev prospektində Cavabdeh2 mülkiyyətində olan “Volksvagen Crafter” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, “Kia Sorento minik” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş həmin sığorta hadisəsinə görə sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə cəmi 3080 (üç min səksən) manat məbləğdə sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququnun yaranması mülki işin məhkəmə icraatında tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapır. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəməklə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü və Mülki Məcəllənin 936.1-ci maddələrinin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. Belə ki, Cavabdeh1 28 fevral 2023-cü il tarixdə “Volksvagen Crafter” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, nəqliyyat vasitəsi həmin vaxt digər Cavabdeh2 mülkiyyətində olmuşdur. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada 3080 (üç min səksən) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat, cəmi 3131 ( üç min bir yüz otuz bir) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada 3080 (üç min səksən) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat, cəmi 3131 ( üç min bir yüz otuz bir) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1032/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1032/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver