Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1142/2023 04.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5000 (beş min) manat məbləğində sığorta ödənişinin əvəzinin, 70 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-BE- *** (** BH ***) dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtonəqliyyat vasitəsi 14 may 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 02 dekabr 2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “VAZ 21063” markalı avtonəqliyyat vasitəsi ilə Ford Focus markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş 27 dekabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Ford Focus markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 21 dekabr 2021-ci il tarixli “Zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə” dair hesabata əsasən 5000 (beş min) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 12 yanvar 2022-ci il tarixli sığorta aktına əsasən 5000 (beş min) manat sığorta ödənişi zərərçəkənin hesabına köçürülmüşdür. Cavabdehə ödənilmiş məbləğin Şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək, 5000 (beş min) manat ziyanın əvəzini imkanı olduqca hissə-hissə iddiaçıya ödəməyə razı olduğunu bildirmiş və növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 12 yanvar 2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də sığortalanmış **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin 02 dekabr 2021-ci il tarixində Ford Focus markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurması nəticəsində zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5465 manat olmuş və avtonəqliyyat vasitəsinə 5000 (beş min) sığorta ödənişinin köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X2 **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtonəqliyyat vasitəsi 14 may 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən bir illik “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan: 02 dekabr 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə” 550 saylı Aktdan görünür ki, Cavabdeh orta dərəcəli (1 faiz) sərxoş olması müəyyən olunmuşdur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib olunmuş 21 dekabr 2021-ci il tarixli “Zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə” dair hesabata əsasən, Ford Focus markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5465 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan: 27 dekabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh sərxoş harda Vaz 21065 minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törədib zərərçəkmiş şəxs X1 məxsus Ford Focus minik markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Goranboy Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinə göndərilməsi qərara alınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Cavabdeh 02 dekabr 2021-ci il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “**-BE-***” dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Ford Focus markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan vurmuşdur. Hadisədən sonra Hüseynov X3 Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 5465 manat məbləğində maddi ziyan sığortaçı tərəfindən hesablanmış, icbari sığorta müqaviləsinə əsasən zərərçəkmiş şəxsə 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmiş, bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində hesablamış maddi ziyanın həcmini mübahisələndirmir və iddia tələbini qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş 70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi də cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 5000 (beş min) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1142/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1142/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver