Məhkəmə qərarları › İş №e-2(040)-1190/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1190/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1190/2025 14.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 31 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94444 olan “X1 13” markalı telefon üçün 352 AZN (üç yüz əlli iki manat) ödənilməmiş hissə, 23,60 AZN (iyirmi üç manat-60 qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 35,20 AZN (otuz beş manat-20 qəpik) cərimə olmaqla, ümumilikdə 410,80 AZN (dörd yüz on manat-80 qəpik) məbləğdə borcun və iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 31 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94444 olan “X1 13” markalı telefon almış və nəticədə 410,80 AZN (dörd yüz on manat-80 qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 413 AZN (dörd yüz on üç manat) olan (yəni, 29 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə aylıq 32 manat ödəmək şərtilə) İMEİ kodu **********94444 olan “X1 13” markalı telefon üçün ümumilikdə, 410,80 AZN (dörd yüz on manat-80 qəpik) olmaqla, ondan 352 AZN (üç yüz əlli iki manat) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 AZN (iyirmi üç manat-60 qəpik) rüsum, müştəriyə güzəşt olunaraq 35,20 AZN (otuz beş manat- 20 qəpik) cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 61 AZN (altmış bir manat) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 31 dekabr 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 04 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 02 sentyabr 2025-ci il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, iddianı qəbul etmədiyini bildirmiş, işin iddia icraatına keçirilib onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli e-2(040)-1190/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, telefon cavabdeh tərəfindən təhvil verilib. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, telefonu təhvil vermişdir və telefon hazırda onda deyildir. Buna baxmayaraq telefon təmir edilmiş vəziyyətdə ona qaytarılsa borcu ödəyəcəkdir. İş materiallarında olan: 26 iyun 2024-cü il tarixli ********** nömrəli müqavilədən və müqaviləyə 31 dekabr 2024-cü il tarixli əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alğı-satqı qiyməti 413 manat olan “X1 13” markalı telefon əldə edərək, 29 manat ilkin ödəniş etməklə, 12 ay müddətində hər ay 32 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 31 dekabr 2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “X1 13” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 61 manat ödəniş etmiş, 352 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 35,20 manat cərimə olmaqla, cəmi 410,80 manat borcu vardır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 04 avqust 2025-ci il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. İş materiallarında olan: 15 avqust 2025-ci il tarixli 75683088 nömrəli qəbzdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan: “Reset Service” tərəfindən verilmiş 22 noyabr 2025-ci il tarixli “Aparılan işlər barədə çıxarış”dan görünür ki, müştəri Cavabdeh 17 fevral 2025-ci il tarixdə İMEİ kodu **********94444 olan “X1 13” markalı telefonun enerji saxlamaması, enerjidə olan zaman enerji yığımının özlüyündən dayanması, sonra ayırıb yenidən qoşanda işləməsi, donmalar vardır, müştəri cihazın təmiri barədə deyil, dəyişdirilməsi barədə müraciət etmiş, cihaz usta tərəfindən vizual diaqnostika edilmiş, ciahzın normal işləməsi, enerji dəstinin qüsurlu olması aşkar olunmuş, TYPE-C naqilinin dəyişdirilməsi məsləhət görülmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 08 iyun 2025-ci il tarixli 642781 nömrəli sifarişdən görünür ki, İMEİ kodu **********94444 olan “X1 13” markalı telefon normal işləyir, enerji dəsti qüsurludur; müştəri servis rəyindən razı olmamış və məhsulu mağazaya atmışdır; məhsul müştəridən təhvil alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanunsuz və əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında “X1 13” markalı telefonu almış, daha sonra telefonda yaranmış qüsurla bağlı satıcıya müraciət etmiş, qüsurlu malı 08 iyun 2025-ci il tarixdə satıcıya təhvil vermiş, sonradan malı təhvil almamışdır; hal-hazırda mal satıcıdadır. Buna görə də iddiaçı tərəfindən 31 dekabr 2024-cü il tarixli müqavilə üzrə borcun tələb edilməsi əsassızdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar