Məhkəmə qərarları › İş №e-2(040)-154/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-154/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-154/2024 12.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “İcbari Sığorta Bürosu” X5 (bundan sonra: “İcbari Sığorta Bürosu” HŞİ) Cavabdeh qarşı subroqasiya qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən verilmiş 856,35 manat (səkkiz yüz əlli altı manat 35 qəpik) məbləğində sığorta ödənişinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış "Mercedes Benz ML320” markalı ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13 sentyabr 2020-ci il tarixində Ağdaş rayonu, Bulaqotağı kəndində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 əmlakına maddi zərər vurulmuşdur. Qeyd edilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən dəymiş zərər üzrə zərərçəkən X2 856,35 manat (səkkiz yüz əlli altı manat 35 qəpik) sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağdaş rayonu Yol Patrul xidmətinin baş inspektoru, polis kapitanı X4 tərəfindən 13 sentyabr 2020-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol əsasında qəbul edilən 14 sentyabr 2020-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən "Mercedes Benz ML320” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnaməsi və idarəetmə hüququ olmadan istismar olunmuşdur. Bu səbəbdən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddələrinə uyğun olaraq 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X3 nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə iddianı müdafiə etdiyini bildirmiş, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortaçı "xxxx" Sığorta Şirkəti ASC sığortalı Cavabdeh istifadəsində olan “Mercedes Benz ML320” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 16 aprel 2020-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək olan müddət üzrə sığorta etmişdir. İş materiallarında olan: Ağdaş rayonu Yol Patrul xidmətinin baş inspektoru, polis kapitanı X4 tərəfindən tərtib olunan İXP ******* nömrəli 13 sentyabr 2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan: Ağdaş rayonu Yol Patrul xidmətinin baş inspektoru, polis kapitanı X4 tərəfindən tərtib olunan TP ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4-cü və 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan: "xxxx" Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 20 noyabr 2020-ci il tarixli İC AA 6142/20 saylı “Sığorta aktı”nın surətindən görünür ki, zərərçəkən X2 865 (səkkiz yüz altmış beş) manat məbləğdə sığorta ödənişinin köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” HŞ İttifaqı tərəfindən X1 hesabına 856,35 manat (səkkiz yüz əlli altı manat 35 qəpik) məbləğdə pul köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış “Mercedes Benz ML320” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13 sentyabr 2020-ci il tarixində Ağdaş rayonunun Bulaqotağı kəndində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 əmlakına maddi zərər vurulmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Zərərçəkənə dəymiş 856,35 manat (səkkiz yüz əlli altı manat 35 qəpik) məbləğində ziyan iddiaçı “İcbari Sığorta Bürosu” X5 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Mercedes Benz ML320” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində X1 əmlakına maddi ziyan dəymişdir. Cavabdeh barəsində Ağdaş rayonu Yol Patrul xidmətinin baş inspektoru, polis kapitanı X4 tərəfindən 13 sentyabr 2020-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol əsasında 14 sentyabr 2020-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 856,35 manat (səkkiz yüz əlli altı manat 35 qəpik) pul alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X3 hesabına ödənilməli, həmçinin, iddia təmin edildiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 856,35 manat (səkkiz yüz əlli altı manat 35 qəpik) pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 886,35 manat (səkkiz yüz səksən altı manat 35 qəpik) pul vəsaiti alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X3 hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar