Məhkəmə qərarları › İş №e-2(040)-295/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-295/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-295/2025 18.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “X1yə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə) Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 695,0 AZN (altı yüz doxsan beş manat) məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun pul əvəzinin alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli e-2(074)-492/2025 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (14 yanvar 2025-ci il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuşdur). İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00523 olan Cavabdeh X1 etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 695,0 (altı yüz doxsan beş) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 695,0 manat borcu bu günədək ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASCnin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi S.N.Ağayev 28 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" ASC-nin abunəçi Cavabdeh (abunə № **********00523) barəsində “Abunə haqqında” çıxarışından görünür ki, abunəçinin ünvanında 11 may 2013-cü il tarixdə quraşdırılmış “**********M0102370” nömrəli sayğac üzrə 15 noyabr 2022-ci ilədək olan hesablamaya görə cəmi 695,0 manat (altı yüz doxsan beş) manat borcu olmuşdur. İş materiallarında olan: 23 yanvar 2024-cü il tarixli “NDM №038101” nömrəli Aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları: S.N.İ-nin mühəndisi X.Hacıbabyevin iştirakı ilə “Cavabdeh”un (kod № **********00523) Oğuz rayonunda yerləşən istehsal obyektində elektrik enerjisi uçotu və X1 Qaydalarına riayət olunması yoxlanılarkən aşağıdakı pozuntu faktı aşkar edilmişdir: “abonent kənar xətdən istifadə edir; kənar xəttin en kəsiyi (S=4 mm2 mis məftildən) ibarətdir”. İş materiallarında olan: "xxxx" ASC tərəfindən 07 may 2024-cü il tarixdə abunəçiyə göndərilmiş pretenziya məktubundan görünür ki, abunəçi Cavabdeh "xxxx" ASC-yə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin müddəalarından görünür ki, enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın: -7.13-cü bəndinə əsasən, Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. -8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanır, bir qayda olaraq, hesablaşma dövrü bir ay qəbul olunur, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. - 8.17-2-ci bəndinin müddəalarından görünür ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. -8.35-ci bəndinin (ikinci abzas) müddəalarından görünür ki, enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə də müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: MPM) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh (“Cavabdeh”) barəsində 23 yanvar 2024-cü ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulması ilə bağlı “NDM № 038101” nömrəli Akt tərtib edilmiş, həmin akt əsasında abonentə 695 (altı yüz doxsan beş) manat debitor borc hesablanmışdır. Lakin akt tərtib edilərkən abonentin iştirakı təmin edilməmiş və Aktda bunun səbəbi göstərilməmiş, həmçinin iddia olunan pozuntu ilə bağlı foto və videoçəkiliş aparılmamış, bununla da “X1 qaydaları”nın 8.17-2-ci bəndinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, 23 yanvar 2024-cü il tarixli “NDM № 038101” nömrəli akt qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunduğundan, həmin akt etibarsız hesab edilməlidir. Həmin aktın etibarsız hesab edilməsi akt əsasında aparılmış bütün hərəkətləri də etibarsız edir. Buna görə də akt əsasında abonentə hesablanmış 695 (altı yüz doxsan beş) manat debitor borc əsassız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar