Məhkəmə qərarları › İş №e-2(040)-318/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-318/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-318/2025 13.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 30 avqust 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********76403 SAMSUNG GALAXY A24 markalı telefon üçün 286,50 (iki yüz səksən altı manat 50 qəpik) manat ödənilməmiş hissə, 85,95 (səksən beş manat 95 qəpik) manat cərimə, ümumilikdə, 372,45 manat (üç yüz yetmiş iki manat 45 qəpik) borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 30 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A 24 markalı telefon almış və cəmi 372,45 manat borcu yaranmışdır. Belə ki, qeyd olunan əşyanı aldıqdan sonra, cavabdeh, müqavilənin şərtlərini pozmuş və nəticədə 30 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 795,96 manat olan (ilkin ödəniş 45 manat etməklə, 18 ay müddətində hər ay 41,72 manat ödəmək şərti ilə) Samsung Galaxy A 24 markalı telefon üçün ümumilikdə 372,45 manat olmaqla, ondan 286,50 manat ödənilməmiş hissə, 85,95 manat cərimə borcu yaranmışdır. Cəmi ödədiyi məbləğ 509,46 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iki müqavilə üzrə öhdəliklərini icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(040)-318/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 07 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiyini, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı olan iddia tələbi üzrə 286,50 manat əsas borcu imkanı olduqca hissə-hissə ödəyəcəyini, cərimə borcunu imkanı olmadığına görə qəbul etmədiyini bildirmiş, iddia tələbini qismən təmin edilməsini xahiş etmişdir (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 30 avqust 2023-cü il tarixli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 795,96 manat olan Samsung Galaxy A24 markalı telefon əldə edərək, ilkin ödəniş 45 manat etməklə, 18 ay müddətində hər ay 41,72 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 509,46 manat ödəniş etmiş, onun 30 avqust 2023-cü il tarixli müqavilə üzrə 286,50 manat əsas, 85,95 manat cərimə olmaqla, cəmi 372,45 manat borcu vardır. İş materiallarında olan: 30 avqust 2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A24 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 03 yanvar 2025-ci il tarixli məktubdan (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış 286,50 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 30 avqust 2023-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 30 avqust 2023-cü il tarixli müqavilə üzrə 85,95 manat (səksən beş manat 95 qəpik) hesablanmış dəbbə pulu azaldılaraq 2,86 manat (iki manat 86 qəpik) məbləğində müəyyən olunmalıdır. Qalan hissədə-83,09 manat (səksən üç manat 09 qəpik) cərimə borcu hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 30 avqust 2023-cü il tarixli 03544400 nömrəli müqavilə üzrə yaranmış 286,50 AZN (iki yüz səksən altı manat-50 qəpik) əsas borc və 2,86 AZN (iki manat- 86 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 289,36 AZN (iki yüz səksən doqquz manat-36 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 319,36 AZN (üç yüz on doqquz manat-36 qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 avqust 2023-cü il tarixli 03544400 nömrəli müqavilə üzrə yaranmış 286,50 AZN (iki yüz səksən altı manat-50 qəpik) əsas borc və 2,86 AZN (iki manat- 86 qəpik) cərimə borcu olmaqla, həmin müqavilə üzrə cəmi 289,36 AZN (iki yüz səksən doqquz manat-36 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 319,36 AZN (üç yüz on doqquz manat-36 qəpik) məbləğdə pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar