Məhkəmə qərarları › İş №e-2(040)-33/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-33/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-33/2025 28.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə1 ştirakları ilə, İddiaçı nümayəndəsi Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə **********00020 kodlu abonentə hesablanmış 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) debitor borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 40,32 AZN (qırx manat-32 qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Tərtər regional qaz istismar idarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsində abonent kodu **********00020 olmaqla, 16 fevral 2024-cü il tarixli XS-45-00157/24 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilə ərizəyə əlavə edilir). İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsi tərəfindən abonent A.Sadıxovanın mənzilində 10265215 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2022-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) borcu yaranmışdır (abonentin saldosu əlavə edilir). Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.1-ci bəndinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.6-cı bəndinə əsasən, müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(040)-1021/2024 saylı qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq iclası 26 noyabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 09 yanvar 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 16 yanvar 2025-ci il və 28 yanvar 2025-ci il tarixlərə təxirə salınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, hazırki məhkəmə icraatı dövründə-16 yanvar 2025-ci il tarixdə Mingəçevir xidmət sahəsi üzrə mühəndis Vasif Rüstəmovun, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə cavabdeh X2 yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvanda yalnız 1 (bir) ədəd qaz qurğusundan- 1 (bir) ədəd qənaətli suqızdırıcıdan istifadə edildiyi məlum olmuş, heç bir əlavə qoşulma və müdaxilə halları aşkar edilməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, evdə 1 (bir) ədəd qənaətli suqızdırıcıdan əlavə qaz sərfiyyatı olunacaq heç nə yoxdur. Qaz pulunu hər ay mütəmadi olaraq ödəyirlər. Ona görə də realıqda bu qədər borcun yaranması mümkün deyildir. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Bütün bunları nəzərə alıb, iddianı əsassız hesab edir, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında 16 fevral 2024-cü il tarixdə XS- 45-00157/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə olaraq məhkəməyə təqdim edilmiş Abonentin saldosu”ndan görünür ki, **********00020 nömrəli abonent Cavabdeh 26 iyul 2017-ci il tarixdə quraşdırılmış “Elster G-4T Diafraqma” markalı 10265215 nömrəli sayğac üzrə 2010-cu ilin sentyabr ayından 2024-cü ilin mart ayının sonuna qazdan istifadəyə görə cəmi 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin: -1-ci hissəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. -8-ci hissəsinin hal-hazırda qüvvədə olan müddəalarından görünür ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. -8-ci hissəsinin 13 aprel 2022-ci il tarixədək qüvvədə olmuş mətnində qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 1.3-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir, həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.1-ci bəndinin müddəalarından görünür ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, səlahiyyətli dövlət orqanı tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır; 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli 207 nömrəli Fərmanının müddəalarından görünür ki, istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmiş, eyni zamanda, həmin tarixdən sonra yaranan təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin birinci və beşinci abzaslarının müddəalarından görünür ki, Azərbaycan Respublikası ərazisində istehlakçılar o cümlədən malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququna maikdirlər. -5-ci maddəsinin 1-ci hissəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. -13-cü maddəsinin 7-ci hissəsinə əsasən, mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. -14-cü maddəsinin 3-cü hissəsinə əsasən, satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir. -26-cı maddəsinin birinci abzasına əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı cavabdehə hesablanmış 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) debitor borcun yaranma əsaslarını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddia ərizəsində abonentə hesablanmış cəmi 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) debitor borcun 2022-ci ildən yarandığını göstərsə də, iddia ərizəsinə əlavə edilmiş və abonentlə bağlı aparılmış mühasibatlıq məlumatlarını əks etdirən abonent saldosunda hazırki iddia üzrə cavabdeh abonentə hesablanmış debitor borcun 2010-cu ilin oktyabr ayından hesablandığı görünür. Mülki Məcəllənin 373.3-cü maddəsindən görünür ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iddia ərizəsi 10 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur; cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Belə olan halda abonentin 2021-ci ilin sentyabr ayınadək mövcud ola biləcək borcuna görə də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40,32 manat (qırx manat 32 qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar