Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-353/2024 16.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı“işəgötürənə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6357,11 manat (altı min üç yüz əlli yeddi manat 11 qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 50 manat mediasiya xərcinin və 33,58 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 avqust 2022-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. 11 oktyabr 2022-25 oktyabr 2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6357,11 manat (altı min üç yüz əlli yeddi manat 11 qəpik) pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 6357,11 manat (altı min üç yüz əlli yeddi manat 11 qəpik) məbləğində zərərin əvəzini bugünədək ödəməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli e-2(040)-353/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli e-2(040)-353/2024 saylı qiyabi qətnaməsinin ləğvinə dair 14 noyabr 2024-cü il tarixdə ərizə verilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli e-2(040)-353/2024 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli e-2(040)-353/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş təzələnərək mahiyyəti üzrə 16 dekabr 2024-cü il tarixə baxılmağa təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMCnin nümayəndəsi Nümayəndə 16 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, Gəncə Apellyasiya Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclasında iştiraklarının zəruriliyi ilə əlaqədar olaraq hazırki iş üzrə eyni vaxta təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, vurulan ziyanın məbləği düzgün hesablanmamışdır. Bundan əlavə, iddiaçı iddia müddətini ötürmüşdür. Onun əmək müqaviləsinə 26 oktyabr 2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı isə zərərvurma ilə bağlı 2024-cü ilin fevral ayında ona qarşı iddia qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 (bir) illik müddət başa çatdıqdan sonra, yəni 1 il 3 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də Əmək Məcəlləsində nəzərdə tutulmuş 1(bir) illik iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın əsassızlığını nəzərə alaraq, iş üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: “təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair” yoxlama dövrü 11 oktyabr 2022-ci il və 25 oktyabr 2022-ci il tarixlərini əhatə edən akt”dan görünür ki, maddi məsul şəxs Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları özünün iştirakı ilə yoxlanmış və 6357,11 manat (altı min üç yüz əlli yeddi manat 11 qəpik) məbləğində kənarlaşma (əskik) müəyyən edilmişdir. İş materiallarında olan: 02 avqust 2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 02 avqust 2022-ci il tarixdə İddiaçı MMC şirkətinə kiçik satış nümayəndəsi vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 26 oktyabr 2022-ci tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 02 avqust 2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: Cəbaryıl 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00409) X1 tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli MŞC/MT-020/2023-01497 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə görə,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (MM 1096.2) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə görə, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 (bir) il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, iş materiallarından görünür ki, iddia ərizəsi 12 fevral 2024-cü il tarixdə tərtib olunmuş, 12 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur- cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı “işəgötürənə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-353/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-353/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver