Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-384/2024 25.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 115,69 manat (yüz on beş manat 69 qəpik) pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yəni, İddiaçı vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçərək (VÖEN **********) fəailyyət göstərir, əsasən avtomaşın təkərlərinin satışını həyata keçirir. Müraciət edən müştəri avtomobil təkərlərini nağd şəkildə almaqda çətinlik çəkdikdə, malın nisyə olaraq alqı-satqısı həyata keçirilir. Həmin alqı-satqı onunla müştəri arasında bağlanmış “Nisyə alqı-satqı müqaviləsi” əsasında reallaşır. Müqaviləyə əlavə 1-də alınmış malın adı, qiyməti, dəyəri qeyd olunur, tərtib olunmuş təhvil-təslim aktına əsasən mal müştəriyə təqdim edilir. "xxxx" QSC ilə (bundan sonra “FAKTOR QSC” adlanacaq) zaminlik müqaviləsi bağlanır, müştəri öhdəliyi yerinə yetirmədikdə onun tərəfindən həmin ödəniş banka edilir və bunun əsasında reqres qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Sənədlər imzalanmaqla alıcıya (müştəriyə) müqavilənin şərtləri izah olunmaqla yanaşı, ödənişin hansı formada həyata keçirilməsi də izah edilir və ödənişin aparılması qaydasını göstərən nümunə onlara təqdim edilir. Onunla müştəri Cavabdeh arasında bağlanmış 09 may 2021-ci il tarixli ALK nömrəli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən, satıcı qismində çıxış edərək, alıcı Cavabdeh 4 ədəd, 215/45R/17 WATERFALL markalı, hər birinin dəyəri 139,5 manat (yüz otuz doqquz manat 50 qəpik), cəmi dəyəri 558 (beş yüz əlli səkkiz) manat olan mal verilmişdir. Müqavilənin şərtlərinə əsasən alıcı 09 iyun 2021-ci ildən başlayaraq 9 ay müddətinə, 62 manat ödəniş etməklə malın dəyərini tam ödəməli idi. Lakin alıcı Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməyərək ödənişi tam etməmiş 115,69 manat (yüz on beş manat 69 qəpik) borclu qalmış, onunla aparılan danışıqlar bir fayda verməmişdir. Müqavilənin 5-ci maddəsində mübahisələrin həllindən bəhs edilir və qeyd olunur ki, tərəflər meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr qanunvericiliyə əsasən Azərbaycan Respublikasınin müvafiq məhkəmələrində həll edilir. İddiaçı 24 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 09 may 2021-ci il tarixli ALK002140 nömrəli “Nisyə alqı-satqı” müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 558 (beş yüz əlli səkkiz) manat olan malı Cavabdeh nisyə satmağı, Cavabdeh 0 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 09 may 2021-ci il tarixli ALK002140 nömrəli “Nisyə alqı-satqı” müqaviləsinə Əlavə 1-dən görünür ki, Cavabdeh “İddiaçı”-dən alacağı, alqı-satqı qiyməti 558 (beş yüz əlli səkkiz) manat olan, “215/45R/17 WATERFALL” adlı mal üçün ilkin ödəniş 0 manat olmaqla, 9 ay müddətinə hər ay 62 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" QSC ilə İddiaçı arasında imzalanan 17 aprel 2020-ci il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan 28 mart 2022-ci il tarixli Sazişə əsasən "xxxx" QSC-nin Cavabdeh qarşı olan 115,69 manat (yüz on beş manat 69 qəpik) məbləğindəki tələb hüququ “İddiaçı”-ə keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış 115,69 manat (yüz on beş manat 69 qəpik) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 115,69 manat (yüz on beş manat -69 qəpik) əsas borc və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 145,69 manat (yüz qırx beş manat 69 qəpik) məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-384/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-384/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver