Məhkəmə qərarları › İş №e-2(040)-434/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-434/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-434/2024 08.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh – Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 14 mart 2020-ci il tarixli BL 431316 saylı müqavilə üzrə 329,0 (üç yüz iyirmi doqquz) manat əsas borc, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 329,0 manat borcun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağlamış 14 mart 2020-ci il tarixli BL 431316 saylı müqaviləyə əsasən, Müqaviləyə 1 saylı əlavədə göstərilən qaydada 12 ay müddətinə hər ay 46 (qırx altı) manat ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəlikləri icra etməmiş, aylıq ödənişləri ödəməmişdir. 23 oktyabr 2023-cü il tarixli borca dair arayışdan görünür ki, cavabdehin 329,0 (üç yüz iyirmi doqquz) manat əsas borc, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 329,0 (üç yüz iyirmi doqquz) manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə 28 mart 2024-cü il tarixdə iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur. İddiaya qarşı yazılı etirazda cavabdeh iddianı qəbul etməmiş, o cümlədən qeyd etmişdir ki, o, iddiaçı ilə 14 mart 2020-ci il tarixdə nisyə satış müqaviləsi imzalayaraq mobil telefon almış və bundan üç gün keçməmiş telefon xarab olduğuna görə geri qaytarmışdır; söz vermişlər ki, telefonu təmir edib qaytaracaqlar, lakin bugünki günədək nə telefonu təmir edib veriblər, nə də ki yenisi ilə əvəz ediblər. Buna baxmayaraq, iddiaçı qanunsuz və əsassız olaraq ondan pul tələb edir (Etiraz eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində elektron qaydada iş materiallarına əlavə edilmişdir). Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(040)-434/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq iclası 10 iyun 2024-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 03 iyul 2024-cü il tarixə təxirə salınmış, məhkəmə baxış iclası 08 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC-nin nümayəndəsi 01 iyul 2024-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini və məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı MMC ilə aralarında bağlanmış 14 mart 2020-ci il tarixli “Nisyə satış müqaviləsi”nə əsasən İddiaçı MMC-nin Gəncə şəhərində yerləşən mağazasından alğı-satqı qiyməti 577 (beş yüz yetmiş yeddi) manat olan “Samsung A405 64GB Black” markalı telefonu 28 (iyirmi səkkiz) manat ilkin ödəniş etməklə, qalan 549 (beş yüz qırx doqquz) manat borcu 12 (on iki) ay müddətinə hər ay 46 (qırx altı) manat ödəmək şərti ilə nisyə almış, lakin telefonu aldıqdan sonra üç gün keçməmiş telefon xarab olduğuna görə iddiaçıya geri qaytarmışdır; mağazadan ona bildirmişlər ki, telefonu təmir edib ona qaytaracaqlar. O da etiraz etməmiş və telefonunun yaralı vəziyyətdə ona təqdim olunacağını gözləmiş, lakin bugünədək aldığı telefon ona təqdim edilməmişdir. Bununla bağlı bir neçə dəfə mağazaya yaxınlaşıb soruşmuş, axırıncı dəfə mağazanın müdiri ona bildirmişdir ki, narahat olmasın, ondan heç nə tələb olunmayacaqdır. O, telefonu alan gün ödəmiş olduğu 28 (iyirmi səkkiz) manat ilkin ödəniş istisna olmaqla, keçən müddət ərzində telefona görə heç bir ödəniş etməmişdir; aidiyyəti mağazaya bildirmişdir ki, aldığı telefon ona təhvil verilərsə, telefonun pulunu ödəməyə razıdır. Eyni zamanda onda olan şifahi məlumata əsasən, onun telefonu artıq başqa şəxsə satılmış və satışdan əldə olunan vəsait isə onun iddiaçıya olan debitor borcundan çıxılmışdır, belə ki, İddiaçı MMC tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli “Borca dair arayış”da da göstərilir ki, “Cavabdeh 14 mart 2020-ci il tarixli BL 431316 saylı müqavilə üzrə 220 (iki yüz iyirmi) manat ödəniş etmişdir” halbuki o, qalıq 549 (beş yüz qırx doqquz) manat borcundan heç bir ödəniş etməmişdir. Ona görə də ona qarşı qaldırılan iddia əsassızdır, belə ki, iddiaçı tərəf özü (satıcı) aralarında yaranan öhdəliyi lazımı qaydada icra etməmiş, alqı-satqı müqaviləsinin predmeti olan telefonu salamat şəkildə ona təhvil verməmişdir. Ona görə iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında öz razılığı ilə dindirilən Şahid (cavabdehin arvadı) ifadəsində bildirmişdir ki, əri Cavabdeh 14 mart 2020-ci il tarixdə İddiaçı MMC-nin Gəncə şəhərində yerləşən mağazasından özünə telefon almış, lakin telefonun alınmasından heç üç gün keçməmiş telefon xarab olmuşdur. Saqi telefonu aldığı mağazaya qaytaranda oradan Saqiyə bildirmişlər ki, telefonu təmir edib verəcəklər. Lakin bugünədək telefon Saqiyə təhvil verilməmişdir. İş materiallarında olan: 14 mart 2020-ci il tarixli BL 431316 saylı müqavilədən və müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçındən alğı-satqı qiyməti 577 (beş yüz yetmiş yeddi) manat olan “Samsung A405 64 GB Balck” markalı telefonu 28 (iyirmi səkkiz) manat ilkin ödəniş etməklə əldə edərək, qalan 549 (beş yüz qırx doqquz) manat borcu 12 (on iki) ay müddətinə-son ödəmə tarixi 14 mart 2021-ci il tarixi nəzərdə tutulmaqla hər ay 46 (qırx altı) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:İddiaçı MMC tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli “Borca dair arayış”dan görünür ki, Cavabdeh 14 mart 2020-ci il tarixli BL 431316 saylı müqavilə üzrə 220 (iki yüz iyirmi) manat ödəniş etmiş, onun 329 (üç yüz iyirmi doqquz) manat əsas borc, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 329 (üç yüz iyirmi doqquz) manat borcu vardır. İş materiallarında olan: 01 mart 2023-cü il tarixdə göndərilmiş (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçınə olan 329 (üç yüz iyirmi doqquz) manat borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. -581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. -581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur; əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. -581.4-cü maddəsinə əsasən, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur; tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. -582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. -582.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. -589.3-cü maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. -589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. -589.3-cü maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. -600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.3-cü maddəsinə əsasən, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir; müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər; hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: -3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. -7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: 1) lazımi keyfiyyətli mala dəyişdirməyi; 2) satış qiymətini uyğun məbləğdə azaltmağı; 3) malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; 4) malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; 5) müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. -7-ci maddəsinin 2-ci bəndinə əsasən, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. -7-ci maddəsinin 3-cü bəndinə əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. -7-ci maddəsinin 4-cü bəndinə əsasən, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. -7-ci maddəsinin 6-cı bəndinə əsasən, istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. -7-ci maddəsinin 10-cu bəndinə əsasən, əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın: -5.20-ci bəndinə əsasən, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti və təhlükəsizliyi texniki normativ hüquqi aktlara, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. -5.52-ci bəndinə əsasən, istehlakçıya keyfiyyətsiz mal satıldıqda, malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilmədikdə, istehlakçı öz seçimi ilə aşağıdakı tələblərdən birini irəli sürə bilər: 5.52.1. keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini; 5.52.2. satış qiymətinin uyğun məbləğdə azaldılmasını; 5.52.3. malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; 5.52.4. malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) malla, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini; 5.52.5. müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. -5.53-cü bəndinə əsasən, istehlakçı texniki mürəkkəb və ya bahalı malların keyfiyyətində mühüm qüsurlar (məqsədli təyinatı üzrə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilinməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, yaxud aradan qaldırıldıqdan sonra qüsurları yenidən üzə çıxan mal (iş, xidmət) aşkar edərsə, onun lazımi keyfiyyətli malla əvəz edilməsi tələbini irəli sürə bilər. -5.57-ci bəndinə əsasən, satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır. -5.58-ci bəndinə əsasən, malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. -5.59-cu bəndinə əsasən, istehlakçıda malın alınmasını və şərtlərini təsdiq edən kassa və ya əmtəə çekinin, yaxud digər sənədin olmaması istehlakçının tələblərindən imtina üçün əsas ola bilməz və bu onu müqavilənin bağlanması şərtlərini təsdiq edə biləcək şahid ifadələrinə istinad etmək imkanından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanunsuz və əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, istehlakçı olan cavabdehin dəlillərinə görə, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında “Samsung A405” markalı telefonu almış, daha sonra telefonda yaranmış qüsurla bağlı satıcıya müraciət etmiş, satıcı malda olan qüsurun aradan qaldırılaraq Cavabdeh təhvil veriləcəyini bildirsə də, öz öhdəliyini yerinə yetirməyərək hazırkı vaxtadək alqı-satqı müqaviləsinin predmeti olan əşyanı alıcıya təhvil verməmişdir. Bu halda cavabdeh istehlakçı olduğundan, cavabdehin dəlillərinin əksini sübut etmək vəzifəsi satıcı olaraq iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin yazılı etirazına da heç bir münasibət bildirməmişdir. Buna görə də iddiaçı tərəfindən 14 mart 2020-ci il tarixli BL431316 nömrəli nisyə satış müqaviləsi üzrə borcun tələb edilməsi qanunsuz və əsassızdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar