Məhkəmə qərarları › İş №e-2(040)-460/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-460/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-460/2024 29.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14 yanvar 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 176,5 manat əsas, 26,4 manat cərimə cəmi 202,9 manat, 06 fevral 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 298,5 manat əsas, 44,7 manat cərimə cəmi 343,2 manat olmaqla ümumilikdə iki müqavilə üzrə 475 manat əsas, 71,1 manat cərimə cəmi 546,1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı Samsung markalı mobil telefona görə 12 ay müddətinə hər ay 31 manat olmaqla, cəmi 363 manatı, 06 fevral 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı Samsung markalı telefona görə 12 ay müddətinə hər ay 53 manat olmaqla cəmi 627 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, öhdəlikləri tam icra etməmiş və iki müqavilə üzrə qalıq qalmış 475 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nəticədə cavabdehin 14 fevral 2024-cü il il tarixədək İddiaçı MMC-yə olan borcu 14 yanvar 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 176,5 manat əsas, 26,4 manat cərimə, 06 fevral 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 298,5 manat əsas, 44,7 manat cərimə olmaqla iki müqavilə üzrə olan borcu 475 manat əsas, 71,1 manat cərimə olmaqla cəmi 546,1 manat təşkil etmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(040)-460/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək, 29 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 14 yanvar 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, Sadıqov X1 markalı mobil telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə 12 ay müddətinə hər ay 31 manat olmaqla, cəmi 363 manatı "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 06 fevral 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, Sadıqov X1 markalı telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə 12 ay müddətinə hər ay 53 manat olmaqla cəmi 627 manat "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 14 fevral 2024-cü il il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 14 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 186,5 manat ödəniş etmiş, onun 176,5 manat əsas, 26,4 manat cərimə cəmi 202,9 manat borcu, 06 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 328,5 manat ödəniş etmiş onun 298,5 manat əsas, 44,7 manat cərimə cəmi 343,2 manat borcu olmaqla, cəmi iki müqavilə üzrə 546,1 manat borcu vardır. İş materiallarında olan: 14 fevral 2024-cü il tarixdə göndərilən (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur.Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki alqı-satqı müqaviləsi üzrə yaranmış 475 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış 14 yanvar 2023-cü il və 06 fevral 2023-cü il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 14 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat, 06 fevral 2023-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 2 (iki) manat məbləğində müəyyən olunmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 176,5 manat (yüz yetmiş altı manat 50 qəpik) əsas, 1 (bir) manat cərimə, 06 fevral 2023-cü il tarixli müqavilə üzrə 298,5 manat (iki yüz doxsan səkkiz manat 50 qəpik) əsas, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat borc və 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan 68,1 manat məbləğində cərimə hissəsində əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 yanvar 2023-cü il tarixli müqavilə üzrə 176,5 manat (yüz yetmiş altı manat 50 qəpik) əsas, 1 (bir) manat cərimə, 06 fevral 2023-cü il tarixli müqavilə üzrə 298,5 manat (iki yüz doxsan səkkiz manat 50 qəpik) əsas, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 478 (dörd yüz yetmiş səkkiz) manat borc və 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar