Məhkəmə qərarları › İş №e-2(040)-513/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-513/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-513/2024 11.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“ödənilmiş sığorta ödənişinin əvəzinin zərərvuran sığortalıdan subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişi və 31 (otuz bir) manat dövlət rüsumunun əvəzinin, cəmi 496 (dörd yüz doxsan altı) manat pul vəsaitinin alınıb "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 fevral 2023-cü il tarixdə cavabdeh Musayev X1 Əliyev adına X3 dayanacağında idarə etdiyi, “Toyota Land-Cruiser” minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Mercedes Benz GL550” markalı **-MA-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz GL550” markalı **-MA-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Xəzər rayon DYPŞ tərəfindən tərtib olunmuş 01 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 14 oktyabr 2022-ci il tarixli, “Toyota Land-Cruiser” minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. 01 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. "xxxx" Şirkəti tərəfindən təqdim edilmiş 16 noyabr 2023-cü il tarixli hesab-fakturaya və elektron qaiməyə əsasən sığorta hadisəsi nəticəsində “Mercedes Benz GL550” markalı, **-MA-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 465 (dörd yüz altmış beş) manat məbləğində müəyyən edilmişdir. 18 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 11 yanvar 2024-cü il tarixli, BS-S-24/0056 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 465 (dörd yüz altmış beş) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi tələb edilmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(040)-513/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. Mülki işin məhkəmə hazırlıq iclası 06 iyun 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 11 iyul 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Oktay Şeydabəyov 25 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh 10 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, xəstəliyi ilə əlaqədar üzrlü səbəbdən məhkəmə prosesinə gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 01 mart 2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 21 fevral 2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə barəsində 100 (yüz) manat cərimə edilməsi haqqında tənbeh tətbiq edilmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli A- AS-462/23 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər 465 (dörd yüz altmış beş) manat hesablanmış, Əliyarov Elman Yavuz oğluna sığorta ödənişi olaraq 465 (dörd yüz altmış beş) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 18 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx"xxxx"xxxx" ASC-yə 465 (dörd yüz altmış beş) manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan: “Express” Avto Servis tərəfindən 16 noyabr 2023-cü il tarixdə verilmiş “Hesab Faktura”dan görünür ki, “Mercedes GL 550” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 465 (dörd yüz altmış beş) manat (ehtiyat hissələri 245 manat, servis xidməti 220 manat) ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Toyota Land-Cruiser minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh 21 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Heydər Əliyev adına X3 dayanacağında X2 idarə etdiyi “Mercedes Benz GL550” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və daha sonra hadisə yerindən yayınmışdır. Zərərçəkənə dəymiş 465 (dörd yüz altmış beş) manat məbləğində ziyan iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Toyota Land-Cruiser” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz GL 550” markalı 99–MA–002 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. İddiaçı zərərçəkənə dəymiş 465 (dörd yüz altmış beş) manat zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia qismən təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 465 (dörd yüz altmış beş) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 (min) manatadək olduqda 30 (otuz) manat dövlət rüsumu tutulur. Ona görə də cavabdehdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat (0 manat 40 qəpik) bank xidmət haqqının pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qalan hissədə - 0,60 manat (0 manat 60 qəpik) dövlət rüsmunun pul əvəzi tələbi hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 465 (dörd yüz altmış beş) manat subroqasiya qaydasında, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının pul əvəzi, cəmi 495,40 manat (dörd yüz doxsan beş manat 40 qəpik) pul vəsaiti tutulmaqla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar