Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-588/2024 24.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 16 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İphone 14 Pro üçün 4886,56 manat əsas, 1098,44 manat cərimə olmaqla, cəmi 5985 manat borcun və 79,85 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış 16 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İphone 14 Pro almış və cəmi 5985 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5497,56 manat olan (ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 305,42 manat ödəmək şərti ilə) İphone 14 Pro üçün ümumilikdə 5985 manat olmaqla, ondan 4886,56 manat ödənilməmiş hissə və 1098,44 manat cərimə borcu yaranmışdır. Cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğ 611 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 16 yanvar 2023-cü il tarixli 13412553 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 5497,56 manat olan İphone 14 Pro əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 18 ay müddətində hər ay 305,42 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 yanvar 2023-cü il tarixli müqavilə üzrə 611 manat ödəniş etmiş, onun 4886,56 manat əsas, 1098,44 manat dəbbə pulu olmaqla cəmi 5985 manat borcu vardır. İş materiallarında olan: 16 yanvar 2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İphone 14 Pro-nu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 15 mart 2024-cü il tarixdə göndərilmiş (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış 4886,56 manat (dörd min səkkiz yüz səksən altı manat 56 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 1098,44 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467ci maddəsinə əsasən), cavabdehin üzərində 98,44 manat (doxsan səkkiz manat 44 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 1000 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 79,85 manat dövlət rüsumunun 69,85 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4886,56 manat (dörd min səkkiz yüz səksən altı manat 56 qəpik) əsas, 98,44 manat (doxsan səkkiz manat 44 qəpik) cərimə olmaqla, cəmi 4985 (dörd min doqquz yüz səksən beş) manat borc və ödənilmiş 69,85 manat (altmış doqquz manat 85 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-588/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-588/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver