Məhkəmə qərarları › İş №e-2(040)-596/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-596/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-596/2024 02.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan, Cavabdeh – Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“sığortalıya ödənilmiş sığorta ödənişi məbləğinin cavabdehdən subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: “Xalq Sığorta ASC”) Cavabdeh qarşı subroqasiya qaydasında iddia ərizəsi (əlavə olaraq iddianın dəqiqləşdirilməsinə dair ərizə) ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişlərinin əvəzi olaraq 7934,17 manat (yeddi min doqquz yüz otuz dörd manat-17 qəpik) və ödənilmiş 99,35 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X4 mülkiyyətində оlan “Mazda CX 5” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtоmоbilini 11 yanvar 2020-ci ildən 10 yanvar 2023cü il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSB ********* nömrəli “Avtomobilin sığorta şəhadətnaməsi” verilmişdir. 2021-ci il iyunun 18-də Cavabdeh idarə etdiyi “Howo 3317N3867W” markalı 25–BG–998 dövlət qeydiyyat nişanlı yük avtоmоbili ilə Gəncə şəhərinin Nizami prospektində, "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalanmış “Mazda CX 52” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsi (bundan sonra- Gəncə DYPŞ) tərəfindən 18 iyun 2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 327.1ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Gəncə DYPŞ-nin 18 may 2021-ci il tarxili TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Kazımov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. “Mazda” markalı avtomobillərin rəsmi servisi olan "xxxx" MMC tərəfindən verilmiş MZ-58065 nömrəli “İş kartı”na əsasən, hadisə nəticəsində “Mazda CX 5” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtomobilə 12934,17 manat (on iki min doqquz yüz otuz dörd manat-17 qəpik) məbləğində zərər dəymişdir. İddiaçı ilə sığotalı arasında 250 (iki yüz əlli) manat məbləğində franşiza (şərtsiz azadolma) nəzərdə tutulduğundan, sığorta ödənişi 12684,17 manat (on iki min altı yüz səksən dörd manat-17 qəpik) təşkil etmiş və iddiaçı 08 sentyabr 2021-ci il tarixdə 6502 nömrəli ödəniş tapşırığı ilə 12684,17 manat (on iki min altı yüz səksən dörd manat-17 qəpik) məbləğində sığorta ödənişini sığortalı X3 ödəmişdir. Cavabdeh idarə etdiyi “Howo 3317N3867W” markalı 25–BG–998 dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından, sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən "xxxx" ASC-yə 4750 (dörd min yeddi yüz əlli) manat sığorta ödənişi etmişdir. Beləliklə də cavabdehin hazırda iddiaçıya borcu 7934,17 manat təşkil edir (12684,17 manat (zərər məbləği) – 4750 manat ("xxxx" ASC-nin ödədiyi vəsait). İş üzrə məhkəmənin hazırlıq iclası 30 may 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 02 iyul 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 01 iyul 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə ərizə göndərərək, iddia tələbini əsaslandırdıqları sübutların tam şəkildə məhkəməyə təqdim edildiyini, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə Gəncə şəhərində onun idarə etdiyi “Howo” markalı 25–BG–998 dövlət qeydiyyat nişanlı yük avtоmоbili X2 mülkiyyətində оlan “Mazda CX 5” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisənin baş verməsində o təqsirli hesab edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mazda CX 5” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtomobilə maksimum 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində ziyan dəymiş olardı, həmin məbləğ isə onun sığorta şirkəti olan "xxxx" tərəfindən iddiaçıya ödənilmişdir. Hazırki iddiada iddianın qiyməti çox şişirdilmişdirdəymiş ziyan əslində olduğundan artıq qiymətə qiymətləndirilmişdir. O, “Mazda” markalı avtomobillərin rəsmi servis müəssisəsi olan "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməni hazırki mülki iş üzrə mötəbər sübut hesab etmir, belə ki, qiymətləndirmə qanunvericiliyə, o cümlədən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmamışdır. Ona görə iddianı əsassız hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir (iddanı qəbul etməməsi barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 18 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və 18 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 18 iyun 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş MZ-58065 nömrəli “İş kartı”nın surətindən görünür ki, müayinə zamanı “Mazda CX 5” markalı 90–RM–949 dövlət nömrə nişanlı avtomobilə 12934,17 manat (on iki min doqquz yüz otuz dörd manat-17 qəpik) məbləğində ziyan dəyməsi hesablanmışdır. İş materiallarında olan: "xxxx" tərəfindən 03 sentyabr 2021-ci il tarixdə tərtib tərtib edildiyi göstərilən CSB89018 saylı “Sığorta aktı”nın fotosurətindən görünür ki, “Mazda CX- 5” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 12684,17 (on iki min altı yüz səksən dörd manat-17 qəpik) sığorta ödənişinin X2 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" tərəfindən 16 sentyabr 2021-ci il tarixdə tərtib edildiyi göstərilən CM1653/21 saylı “Sığorta aktı”nın fotosurətindən görünür ki, “Mazda CX-5” ** RM *** dövlət qeydiyyat nişanlı dəymiş zərərə görə 4750 (dörd min yeddi yüz əlli) manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə köçürülməsi qərara alınmışdır. -“Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, sığorta bu Qanuna, Azərbaycan Respublikasının bu Qanununun əsasında qəbul edilən digər qanunvericilik aktlarına, habelə Dövlət Sığorta Nəzarətinin normativ aktlarına uyğun olaraq həyata keçirilir. -2-ci maddəsinə əsasən, bu Qanun sığortanın hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyənləşdirir və sığortanın iştirakçıları arasında münasibətləri tənzimləyir; bu Qanun dövlət sosial sığortasına şamil edilmir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinin müddəalarından görünür ki, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): -883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. -925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. -925.2-ci maddəsinə (sığorta hadisəsinin baş verdiyi zaman qüvvədə olan mətninə) əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. -925.3-cü maddəsinə (sığorta hadisəsinin baş verdiyi zaman qüvvədə olmuşdur) əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: -10.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 12684,17 manat (on iki min altı yüz səksən dörd manat 17 qəpik) məbləğində ziyan vurulduğunu iddia etsə də, Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində hesablamış maddi ziyanın həcmini mübahisələndirir, iddia tələbini qəbul etmir, ziyanın məbləğini yalnız 4750 (dörd min yeddi yüz əlli) manat hissədə qəbul edir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə sənədini-"xxxx" MMC tərəfindən verilmiş MZ-58065 nömrəli “İş kartı”nı Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə uyğun sübut hesab etmir, belə ki, zərərin qiymətləndirilməsi qanunverciliyin yuxarıda sadalanan müddəalarına, o cümlədən Mülki Məcəllənin 925-ci maddəsinə uyğun aparılmamışdır. Odur ki, Cavabdeh idarə etdiyi “Howo 3317N3867W” markalı 25–BG–998 dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından "xxxx" ASC tərəfindən “Хalq Sığоrta» ASC-yə 4750 (dörd min yeddi yüz əlli) manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının cavabdehdən 4750 (dörd min yeddi yüz əlli) manatdan artıq məbləğ tələb etməsi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar