Məhkəmə qərarları › İş №e-2(040)-60/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-60/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-60/2024 13.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı “İcbari Sığorta Bürosu” X2 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “İcbari Sığorta Bürosu” X3 (bundan sonra: “İcbari Sığorta Bürosu” HŞİ) Cavabdeh qarşı subroqasiya qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən verilmiş 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış "Qaz 3302” markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 iyun 2020-ci il tarixində Gəncə şəhəri, M.Bağırov küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən tərtib olunan İXP ******* nömrəli 14 iyul 2020-ci il tarixli İnzibati xəta haqqında protokoldan məlum olur ki, yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Qaz 3302” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar etmişdir. Protokolda Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Qeyd edilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən dəymiş zərər üzrə zərərçəkən X6 500 (beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə iddianı müdafiə etdiyini bildirmiş, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortaçı "xxxx" Sığorta Şirkəti ASC sığortalı X1 istifadəsində olan “Qaz 3302” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 01 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2020-ci il tarixədək olan müddət üzrə sığorta etmişdir. İş materiallarında olan: Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən tərtib olunan İXP ******* nömrəli 14 iyul 2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan: "xxxx" Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 13 avqust 2020-ci il tarixli İC AA 4346/20 saylı “Sığorta aktı”nın surətindən görünür ki, zərərçəkən X6 500 (beş yüz) manat məbləğdə sığorta ödənişinin köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” HŞ İttifaqı tərəfindən Cəlil Əliyevin hesabına 500 (beş yüz) manat məbləğdə pul köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış "Qaz 3302” markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 iyun 2020-ci il tarixində Gəncə şəhəri, M.Bağırov küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi zərər vurulmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Zərərçəkənə dəymiş 500 (beş yüz) manat məbləğində ziyan iddiaçı “İcbari Sığorta Bürosu” X3 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-cimaddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Qaz 3302” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi ziyan dəymişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 14 iyul 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 500 (beş yüz) manat pul alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X2 hesabına ödənilməli, həmçinin, iddia təmin edildiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X2 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 500 (beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 530 (beş yüz otuz) manat pul vəsaiti alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X2 hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar