Məhkəmə qərarları › İş №e-2(040)-722/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-722/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-722/2024 12.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “lizinq obyekti olan avtomobilin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdehdən 1294,24 manat əsas, 508,80 manat mükafat, 199,18 manat cərimə olmaqla, cəmi 2002,22 manat borcun, ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2023-cü il tarixli, MAS-6139 saylı “Daxili lizinq” müqaviləsinə əsasən cavabdehə 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən lizinq alan 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hər ay 453,99 manat olmaqla cəmi 10896 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müəyyən olunmuş müddətdə öhdəlikləri lazımi qaydada icra etməmişdir. Nəticədə 20 may 2024-cü il tarixə cavabdehin 1294,24 manat əsas, 508,80 manat mükafat, 199,18 manat cərimə olmaqla, cəmi 2002,22 manat məbləğində borcu yaranmışdır. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 16 noyabr 2023-cü il tarixli MAS-6139 saylı Daxili lizinq müqaviləsinə və lizinq müqaviləsinin tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən, lizinq verən İddiaçı MMC dəyəri 8920 manat olan 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş müddətdə lizinq ödənişlərini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 16 noyabr 2023-cü il tarixli MAS-6139 saylı lizinq müqaviləsinin tərkib hissəsi olan 3 saylı əlavəyə əsasən, Cavabdeh (lizinq alan) 24 ay müddətinə 16 noyabr 2025-ci ilə kimi illik 20 faiz dərəcəsi ilə hər ay 453,99 manat olmaqla cəmi 10896 manat məbləğində pulu İddiaçı MMC-yə (lizinq verən) ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan: Maliyyə arayışından görünür ki, Cavabdeh 20 may 2024-cü il tarixə İddiaçı MMC-yə olan borcu - 1294,24 manat əsas, 508,80 manat mükafat, 199,18 manat cərimə olmaqla, cəmi 2002,22 manat təşkil edir. İş materiallarında olan: 16 noyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili təhvil almışdır. İş materiallarında olan: İddiaçı MMC tərəfindən cavabdehə göndərilmiş 18 aprel 2024-cü il tarixli xəbərdarlıqdan (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. -748-1.12 və 748-1.12.4-ci maddələrinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh (lizinq alan) lizinq müqaviləsi əsasında əşyanı istifadəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq ödənişlərini müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə vəzifələrini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən lizinq obyekti olan avtomobilin geri qaytarılmasını və lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100,40 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, lizinq obyekti olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınıb mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, həmçinin Cavabdeh 16 noyabr 2023-cü il tarixli MAS-6139 “Daxili lizinq müqaviləsinə əsasən 1294,24 manat (min iki yüz doxsan dörd manat 24 qəpik) əsas, 508,80 manat (beş yüz səkkiz manat 80 qəpik) gecikdirilmiş mükafat, 199,18 manat (yüz doxsan doqquz manat 18 qəpik) cərimə olmaqla, cəmi 2002,22 manat (iki min iki manat 22 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100,40 manat (yüz manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınıb mülkiyyətçi- İddiaçınə qaytarılsın. Cavabdeh, 16 noyabr 2023-cü il tarixli MAS-6139 saylı "Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və müvəqqəti istifadəyə görə 1294,24 manat (bir min iki yüz doxsan dörd manat 24 qəpik) əsas borc, 508,80 manat (beş yüz səkkiz manat 80 qəpik) gecikdirilmiş mükafat və 199,18 manat (yüz doxsan doqquz manat 18 qəpik) dəbbə pulu, cəmi 2002,22 manat borc, həmçinin 100,40 manat (yüz manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2102,62 manat (iki min bir yüz iki manat 62 qəpik) məbləğdə pul vəsaiti alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar