Məhkəmə qərarları › İş №e-2(040)-82/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-82/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-82/2024 07.03.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, itirilmiş təbii qaza görə hesablanmış 3477,36 manat (üç min dörd yüz yetmiş yeddi manat 36 qəpik) məbləğində borcun və 54,78 manat dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Gəncə X4 İdarəsi ilə Cavabdeh (kod: **********09970) arasında 05 may 2023-cü il tarixli, AXK-04022xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələridir (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində qaz təsərrüfatına 24 mart 2023-cü il tarixdə baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə (imzadan imtina barədə akta qeyd aparılmaqla) ******* saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə edildiyi üçün 28728 kubmetr itirilmiş qazın bərpası üçün 3447,36 manat (üç min dörd yüz qırx yeddi manat 36 qəpik) dəymiş ziyan müəyyənləşdirilmişdir. Borcun ödənilməsi barədə HŞ-01/13-713 saylı, 12 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu verilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal-hazırda cavabdehin İddiaçınə ümumilikdə ödənilməmiş 3447,36 manat (üç min dörd yüz qırx yeddi manat 36 qəpik) borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazırki vaxta qədər ödəniş etməməsi İddiaçı maliyyə dayanıqlığına mənfi təsir göstərir və götürülmüş öhdəliklərin vaxtında icra olunmasına maneə yaradır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 06 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən, 500 (beş yüz) manat borc hissədə qəbul edərək izahatında bildirmişdir ki, 2022-ci ilin dekabr ayının 28-də imkanı olmadığı üçün sahə nəzarətçisi Elçin adlı şəxslə razılaşıb 4-5 aylıq əlavə xətdən istifadə etməsi üçün icazə almış və üç ay ərzində əlavə xətt vasitəsilə qazdan istifadə etmiş, üç aydan sonra maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Bundan sonra sahə nəzarətçisi gedib müdirinə xəbər vermiş, bundan sonra qaz işçiləri gəlib əlavə xətti aşkara çıxarmışlar. Qaz idarəsinin işçiləri ondan pul istəmişlər, o da tələb edilən məbləğdə pulu ödəyə bilmədiyinə görə ona böyük miqdarda cərimə borcu yazmışlar. Əslində isə o əlavə xətdən cəmi üç ay ərzində istifadə etmişdir. Ona görə də ona əsassız yazılan cərimənin silinməsinə köməklik edilməsini xahiş etmişdir (bu məzmunda yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı Gəncə X4 İdarəsi ilə Cavabdeh arasında 05 may 2022-ci il tarixdə AKX-04022xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan: İddiaçı Gəncə X4 İdarəsinin Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən 24 mart 2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh sayğacdan kənar əlavə xətdən istifadə etməsi, dayağın içərisi ilə rezin boru ilə xəttin akşarlandığı müəyyən olunmuş və itirilmiş təbii qazın həcmi 28728 kubmetr həcmində müəyyən olunmuşdur. İş materiallarında olan: Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, 24 mart 2023-cü il tarixli ******* nömrəli Akt əsasında itirilmiş təbii qazın həcmi 28728 (iyirmi səkkiz min yeddi yüz iyirmi səkkiz) kubmetr miqdarında müəyyən olunmuşdur. İş materiallarında olan: 29 sentyabr 2023-cü il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№ **********09970) Cavabdeh 2023-cü ilin aprel ayının sonunadək 3447,36 manat (üç min dörd yüz qırx yeddi manat 36 qəpik) borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -1-ci maddəsinin iyirminci abzasından görünür ki, müayinə – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyətdir. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. -6-1-ci maddəsinin 1-ci hissəsinə əsasən, qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. -6-1-ci maddəsinin 2-ci hissəsinə əsasən, qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. -6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən, qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. -13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. -13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazırlır Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. -4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. -6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. -6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. -6.5-4-cü bəndinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən-500 (beş yüz) manat ziyan tələbi və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tələbinə dair hissədə əsaslıdır. Belə ki, cavabdehin (abonentin) ünvanında 24 mart 2023-cü il tarixdə növbədənkənar yoxlama “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələblərinə uyğun keçirilməmiş (o cümlədən əvvəlcədən əsaslandırılmadan keçirilmişdir), əsassız yoxlama nəticəsində 24 mart 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt” tərtib edilmiş, həmin qanunsuz akt əsasında da itirilmiş təbii qazın həcmi cəmi 28728 (iyirmi səkkiz min yeddi yüz iyirmi səkkiz) kubmetr həcmində müəyyən edilmiş və buna görə abonentə əsassız olaraq 3446,37 (üç min yeddi yüz qırx altı manat-37 qəpik) manat məbləğində debitor borc hesablanmışdır. İddiaçı “Qaz təchizatı haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq reyestr məlumatlarını da məhkəməyə təqdim etməmişdir. Bundan başqa, xüsusi olaraq qeyd edilməlidir ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsi və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin müddəalarından görünür ki, qaz təchizatçısı tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və həmin aktlarla əlaqəli digər aktlar özlüyündə abonentə qarşı mülki tələbin yaranması üçün hüquqi nəticə yaratmır və hüquqi nəticənin yaranması üçün abonentin təqsirli olması barədə inzibati xəta haqqında və cinayət işləri üzrə müvafiq yekun aktlar olmalıdır. Məhkəmə həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsaslanmaqla (qanunun analogiya üzrə tətbiqi) onu da qeyd etməyi zəruri hesab edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci hissəsinə əsasən, mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir (bu səbəbdən hazırki halda istehlakçının qaz təchizatçısına qarşı iddiası üzrə xidmətin qanuniliyi barədə sübutetmə yükü təchizatçının üzərinə düşməlidir). İddiaçı tərəf iddia tələbini əsaslandıran halları sübut etməmişdir. Bununla belə, cavabdeh X2 iddianı 500 (beş yüz) manat ziyan tələbi hissəsində qəbul etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Odur ki, Cavabdeh dəymiş ziyana görə 500 (beş yüz) manat və məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 530 (beş yüz otuz) manat pul vəsaiti alınıb İddiaçı “ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************” bank hesabına ödənilməlidir. İddia qalan hissədə- 2947,36 manat (iki min doqquz yüz qırx yeddi manat-36 qəpik) ziyan tələbi və 24,78 manat (iyirmi dörd manat-78 qəpik) dövlət rüsumunun tələbi hissələrində əsassız olduğundan, həmin əsassız hissədə təmin edilməməlidir. 2947,36 manat (iki min doqquz yüz qırx yeddi manat-36 qəpik) ziyan tələbinin əsassızlığı yuxarıda izah edilmişdir. 24,78 manat (iyirmi dörd manat-78 qəpik) dövlət rüsumunun tələbinin əsassızlığı iddianın təmin edilməmiş hissəsinə mütənasibliyi ilə izah edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 500 (beş yüz) manat və məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 530 (beş yüz otuz) manat pul vəsaiti alınıb İddiaçı “ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************” nömrəli bank hesabına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar