Məhkəmə qərarları › İş №e-2(040)-879/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-879/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-879/2025 17.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 12 may 2025ci il tarixinə yaranmış 1) 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən 392,90 manat əsas və 58,90 manat cərimə olmaqla, cəmi 451,80 manat, 2) 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən 63,60 manat əsas və 9,50 manat cərimə olmaqla, cəmi 73,10 manat, iki müqavilə üzrə cəmi 456,50 manat əsas, 68,40 manat cərimə olmaqla, ümumilikdə 524,90 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə üəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “AUX” markalı kondisionerə görə 18 ay müddətinə hər ay 99 manat olmaqla, cəmi 1779,90 manat, 2) 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən Xiaomi” markalı telefona görə 12 ay müddətinə hər ay 41 manat olmaqla, 483,10 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 12 mart 2025-ci il tarixdə 100 manat ödəniş etmiş, 392,90 manat əsas, 58,90 manat cərimə borcu, 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 12 mart 2025ci il tarixdə 50 manat ödəniş etmiş, 63,60 manat əsas, 9,50 manat cərimə borcu qalmışdır. Beləliklə, Cavabdeh borcu iki müqavilə üzrə cəmi 456,50 manat əsas, 68,40 manat cərimə olmaqla, ümumilikdə 524,90 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə və müqaviləyə bir nömrəli əlavəyə əsasən, Cavabdeh “AUX” markalı kondisioner əldə edərək, ilkin ödəniş 200 manat etməklə 18 ay müddətinə hər ay 99 manat olmaqla, cəmi 1779,99 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə və müqaviləyə bir nömrəli əlavəyə əsasən, Cavabdeh “Xiaomi Redmi note 12” markalı telefon əldə edərək, ilkin ödəniş 0,80 manat etməklə 12 ay müddətinə hər ay 41 manat olmaqla, cəmi 483,19 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 12 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 avqust 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 1387 manat ödəniş etmiş, onun borcu - əsas məbləğ üzrə 392,90 manat, cərimə üzrə 58,90 manat olmaqla, ümumilikdə 451,80 manat təşkil edir. İş materiallarında olan: 12 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 419,50 manat ödəniş etmiş, onun borcu - əsas məbləğ üzrə 63,60 manat, cərimə üzrə 9,5 manat olmaqla, ümumilikdə 73,10 manat təşkil edir. İş materiallarında olan: göndərilən (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alğı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 1) 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 392,90 AZN (üç yüz doxsan iki manat-90 qəpik), 2) 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 63,60 AZN (altmış üç manat-60 qəpik) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 11 avqust 2023-cü il tarixli və 31 dekabr 2023-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hakim hesab edir ki, cavabdehə 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə hesablanmış 58,90 AZN (əlli səkkiz manat- 90 qəpik) məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 3,92 (üç manat-92 qəpik), 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə hesablanmış 9,50 AZN (doqquz manat-50 qəpik) cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 0,63 AZN (63 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə 54,98 AZN (əlli dörd manat-98 qəpik) cərimə borcu və 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə 8,87 AZN (səkkiz manat 87 qəpik) cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 1) 11 avqust 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə 392,90 AZN (üç yüz doxsan iki manat-90 qəpik) əsas borc, 3,92 AZN (üç manat-92 qəpik) cərimə olmaqla, cəmi 396,82 AZN (üç yüz doxsan iki manat-82 qəpik) borc; 2) 31 dekabr 2023-cü il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə 63,60 AZN (altmış üç manat-60 qəpik) əsas borc, 0,63 AZN (63 qəpik) cərimə olmaqla, cəmi 64,23 AZN (altmış dörd manat-23 qəpik) borc, iki müqavilə üzrə cəmi 461,05 AZN (dörd yüz altmış beş manat-05 qəpik) borc və ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 491,05 AZN (dörd yüz doxsan bir manat-05 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar