Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-889/2025 12.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 65 (altmış beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 24 iyul 2022-ci il tarixdə saat 11:00-da Bərdə rayonunun Qaradəmirçi kəndində Cavabdeh1 məxsus olan və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə piyada qismində olan Səfərov Vəli Fizuli oğlu və X2 qısa müddətdə pozulmasına səbəb olan ağır dərəcəli bədən xəsarəti, X9 isə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almışlar. Bərdə Rayon Məhkəməsi tərəfindən çıxarılmış 1(021)-121/2023 saylı hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh2 “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA152566/23, PXA152583/23, PXA152584/23, PXA152588/23 və PXA152590/23 saylı sığorta aktlarına əsasən zərərçəkənlərə ümumilikdə 4500 (dörd min beş yüz) manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Göründüyü kimi, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh1 həmçinin sığortalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 qanunvericiliyə əsasən vurulmuş ziyanı ödəməlidirlər. Cavabdeh (hazırki mülki iş üzrə sığorta hadisəsi hesab olunan yol-nəqliyyat hadisəsində yüksək təhlükə mənbəyi olan “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi) Cavabdeh1 məhkəməyə iddiaya qarşı yazılı etiraz göndərmişdir; cavabdeh yazılı etirazda iddianı qəbul etməyərək və iddianın əsassız olduğunu bildirərək göstərmişdir ki, o, həmin avtomobili 2005-ci ildə başqa bir şəxsə otuz illik etibarnamə ilə satmış, nəhayət 2023-cü ildə “Yusifov Məhərrəm” (Kəlbəcər rayonunun Nəbilər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X5 nəzərdə tutulur- hakimin qeydi) onun yanına gələrək həmin avtomobili aldığını bildirmiş və ondan həmin avtomobilə dair özünə etibarnamə verməsini xahiş etmiş, o da 02 fevral 2023-cü il tarixdə (əslində 02 fevral 2022-ci il tarixdə - hakimin qeydi) notariat ofisinə gedib Məhərrəmin adına birillik etibarnamə vermiş və demişdir ki, avtomobili öz adına sənədləşdirsin, Məhərrəm isə avtomobili öz adına keçirtməmişdir; o, Vəfadarı ümumiyyətlə tanımır (Yazılı etirazına “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı onun tərfindən X3 adına 02 fevral 2022-ci il tarixdə verilmiş və 02 fevral 2023-cü il tarixədək qüvvədə olmuş etibarnamənin məzmunun müvafiq elektron bazadan çıxarışının əks olunduğu “171466” blank nömrəli kağız daşıyıcını əlavə etmişdir). Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 10 iyul 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 12 avqust 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə 12 avqust 2025-ci il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə göndərərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər; məhkəməyə məlum olmuşdur ki, Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iştirak etdiyi 10 iyul 2025-ci il tarixli hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, 1984-cü il buraxılışlı, “Moskviç-yük” marka və modelli avtomobil uzun illərdir ki, onun mülkiyyətindədir. o, həmin avtomobili 2005-ci ildə Bərdə rayonuna otuz illik etibarnamə ilə satmışdır. 02 fevral 2022-ci ildə hazırki mülki iş üzrə Cavabdeh2 atası X5 onun yanına gələrək həmin avtomobili satın aldığını bildirmiş və ondan özünün adına etibarnamə verməsini xahiş etmişdir. O, Məhərrəmə bir illik etibarnamə vermiş və avtomobili dərhal öz adına sənədləşdirməsini istəmiş, etibarnamə üzrə bütün səlayiyyətlərin verildiyini demişdir; Məhərrəm isə avtomobili icbari qaydada sığorta etdirimiş, lakin avtomobili öz adına sənədləşdirməmişdir. Sığorta hadisəsi 24 iyul 2022-ci il tarixdə baş vermiş, həmin vaxt onun X3 adına verdiyi etibarnamə qüvvədə olmuşdur. O, Cavabdeh2 şəxsən tanımır. "xxxx" ASC tərəfindən ona qarşı yönəlmiş iddianı qəbul etmir və iddianı qanunsuz və əsassız hesab edir. iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X10 tərəfindən 02 fevral 2022-ci il tarixdə təsdiq edilmiş və reyestrdə “7E-2511” nömrəsi ilə qeyd edilmiş etibarnamənin (qüvvədən düşüb) 15 iyun 2025-ci il tarixdə “171466” blank nömrəli kağız daşıyıcıda əks olunmuş surətindən görünür ki, mülkiyyətçi Cavabdeh1 mülkiyyətində olan “Moskviç yük” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 fevral 2022-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək olan müddətə Kəlbəcər rayonunun Nəbilər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X1 vermişdir; etibar edilənə “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətləri verilmişdir. -Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 1(021)-121/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 24 iyul 2022-ci il tarixdə Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarının pozulması) törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 Bərdə Rayon Polis Şöbəsində 03 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq Cavabdeh2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər: X9- az ağır, Səfərov Vəli Füzuli oğlu və X15 ağır dərəcəli bədən xəsarətləri almışlar. Həmin hökmlə həmçinin o da müəyyən edilir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 (hazırki mülki iş üzrə Cavabdeh2 atası) ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi 24 iyul 2022-ci il tarixdə “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında onun sahibliyində olduğunu və həmin tarixdə oğlu Vəfadarın ona zəngə edərək avtomobili götürmək üçün ondan icazə istədiyini, özünün də oğlu Vəfadarın sürücülük hüququnun olmadığını bilə-bilə avtomobili götürməsinə icazə verdiyini bildirmişdir. -"xxxx" ASC tərəfindən tərtib edilmiş PXA152583 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Səfərov Vəli Fizuli oğlu ağır dərəcəli xəsarət almış, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 (bir min beş yüz) manat hesablanmış, Səfərova Ləman Vahid qızına sığorta ödənişi olaraq 750 (yeddi yüz əlli) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. -"xxxx" ASC tərəfindən tərtib edilmiş PXA152584 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Səfərov Vəli Fizuli oğlu ağır dərəcəli xəsarət almış, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 (bir min beş yüz) manat hesablanmış, Səfərov Fizuli Vəli oğluna sığorta ödənişi olaraq 750 (yeddi yüz əlli) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. -"xxxx" ASC tərəfindən tərtib edilmiş PXA152588 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X9 az ağır dərəcəli xəsarət almış, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 (bir min beş yüz) manat hesablanmış, Səfərov Fizuli Vəli oğluna sığorta ödənişi olaraq 750 (yeddi yüz əlli) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. -"xxxx" ASC tərəfindən tərtib edilmiş PXA152590 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X13 ağır dərəcəli xəsarət almış, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 (bir min beş yüz) manat hesablanmış, Səfərova Ləman Vahid qızına sığorta ödənişi olaraq 750 (yeddi yüz əlli) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. -"xxxx" ASC tərəfindən tərtib edilmiş PXA152566 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X16 ağır dərəcəli xəsarət almış, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 (bir min beş yüz) manat hesablanmış, Məmmədova Ayşən Mübariz qızına sığorta ödənişi olaraq 1500 (bir min beş yüz) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. -Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Mətin Qənbərov tərəfindən tərtib edilmiş 11 aprel 2023-cü il tarixli 0451 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ın surətindən görünür ki, xx xxxxx 2002-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Kəlbəcər rayonunun Nəbilər kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Lək kəndində yaşayan Cavabdeh2 24 iyul 2022-ci il tarixdə saat 11 radələrində sürücülük hüququ olmadan və etibarnaməsiz idarə etdiyi “Moskviç 2140 yük” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Qaradəmirçi kəndinin daxilində asfalt yolla hərəkətdə olarkən yolun sağ tərəfində piyada hərəkətdə olan Bərdə rayonunun Qaradəmirçi kənd sakinləri- 06 may 2015-ci il təvəllüdlü Səfərov Vəli Fizuli oğlunu, 04 may 2008-ci il təvəllüdlü X6 və 22 avqust 2016-cı il təvəllüdlü X11 avtomobillə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Səfərov Vəli Fizuli oğluna başın açıq yarası, qapalı kəllə-beyin travması, X7 alın nahiyəsinin açıq yarası, üst dodağın açıq yarası, qapalı kəllə-beyin travması və X12 açıq kəllə-beyin travması, beyin əsasının sınığı ilə nəticələnən ağır bədən xəsarətləri yetirmişdir. -"xxxx" ASC tərəfindən verilmiş 29 yanvar 2022-ci il tarixli PXA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, 1984-cü il istehsalı olan “Moskviç yük” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 adına sığortalanmışdır. -29 sentyabr 2023-cü il tarixli 10885 nömrəli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən Səfərova Ləman Vahid qızına 750 (yeddi yüz əlli) manat məbləğdə pul köçürülmüşdür. -29 sentyabr 2023-cü il tarixli 10884 nömrəli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən Səfərova Ləman Vahid qızına 750 (yeddi yüz əlli) manat məbləğdə pul köçürülmüşdür. -29 sentyabr 2023-cü il tarixli 10882 nömrəli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən Səfərov Fizuli Vəli oğluna 750 (yeddi yüz əlli) manat məbləğdə pul köçürülmüşdür. -29 sentyabr 2023-cü il tarixli 10883 nömrəli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən Səfərov Fizuli Vəli oğluna 750 (yeddi yüz əlli) manat məbləğdə pul köçürülmüşdür. -29 sentyabr 2023-cü il tarixli 10880 nömrəli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən Məmmədova Ayşən Mübariz qızına 750 (yeddi yüz əlli) manat məbləğdə pul köçürülmüşdür. -"xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 13 sentyabr 2023-cü il tarixli 20/01- 401 nömrəli məktubdan görünür ki, zərərçəkənə ödəniləcək məbləğin daha sonra Cavabdeh2 subroqasiya qaydasında geri tələb ediləcəyi barədə məlumat verilmişdir. -"xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli xx/xx- 1697 nömrəli məktubdan görünür ki, Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin ondan tutulacağı bildirilmişdir. Tətbiq edilməli olan normativ aktlar: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər; zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır; belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar; yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 24 iyul 2022-ci il tarixdə Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində Cavabdeh1 mülkiyyətində və X3 etibarnamə əsasında sahibliyində olan “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin (velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir), 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) və 37-ci maddəsinin 5-ci hissəsinin 2ci bəndinin (mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır) tələblərini pozmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə həmçinin müəyyən edilmişdir ki, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər: X9- az ağır, Səfərov Vəli Füzuli oğlu və X15 ağır dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş həmin sığorta hadisəsinə görə sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslərə cəmi 4500 (dörd min beş yüz) manat məbləğdə sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən- Cavabdeh2 qarşı olan hissədə qanuni və əsaslıdır. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı subroqasiya hüququnun yaranması Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 1(021)- 121/2023 nömrəli hökmü və mülki işin məhkəmə icraatında tədqiq edilmiş digər sənədlərlə öz təsdiqini tapır. İddiaçı zərərçəkənlərə dəymiş zərəri ödəməklə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü və Mülki Məcəllənin 936.1-ci maddələrinin tələblərinə uyğun olaraq Cavabdeh2 subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. Buna görə də Cavabdeh2 qarşı olan hissədə iddia təmin edilməli, Cavabdeh2 subroqasiya qaydasında 4500 (dörd min beş yüz) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia Cavabdeh2 qarşı olan hissədə tam təmin edildiyinə görə, Cavabdeh2 iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İddia qalan hissədə- Cavabdeh1 qarşı hissədə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Ona görə ki, baş vermiş yol-nəqliyyat hadisəsində (sığorta hadisəsində) yüksək təhlükə mənbəyi olan “Moskviç” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olsa da, əslində yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt həmin avtomobil mülkiyyətçinin sahibliyində olmamış, avtomobil mülkiyyətçinin 02 fevral 2022-ci il tarixdə 02 fevral 2023-cü il tarixədək olan müddətə verdiyi etibarnamə əsasında Kəlbəcər rayonunun Nəbilər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X3 qanuni sahibliyində olmuşdur- belə olan halda baş vermiş həmin sığorta hadisəsinə görə Cavabdeh1 yüksək təhlükə mənbəyinin sahibi hesab edilə bilməz və hazırki halda yüksək təhlükə mənbəyinin sahibi X4r; Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 1(021)-121/2023 nömrəli hökmündən də görünür ki, məhkəmə istintaqı şahid qismində ifadə vermiş X5 ifadəsində yol-nəqliyat hadisəsinin baş verdiyi tarixdə avtomobilin etibarnamə əsasında onun qanuni sahibliyində olduğunu və övladı Vəfadarın sürücülük hüququnun olmadığını bilə-bilə ikincinin həmin avtomobili idarə etməsinə telefon vasitəsi ilə icazə verdiyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabder Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4500 (dörd min beş yüz) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 (altmış beş) manat, cəmi 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə- Cavabdeh1 qarşı hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-889/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-889/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver