Məhkəmə qərarları › İş №e-2(040)-960/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-960/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-960/2025 20.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında 2550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 46 (qırx altı) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 02 yanvar 2022-ci il tarixində saat 22:30 radələrində Bakı şəhərinin Lütfi Zadə küçəsi ərazisində Cavabdeh tərəfindən idarə edilən və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prado” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan vurmuşdur. X8 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilən TP4796577 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi) və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş “Qüsur akt”ında göstərilmişdir ki, “Mercedes Benz” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1200 (bir min iki yüz) manat, “Toyota Prado” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 1350 (bir min üç yüz əlli) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA102570 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkənə 1200 (bir min iki yüz) manat, PXA102569saylı sığorta aktı tərtib edilməklə “Toyota Prado” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə zərərçəkənə 1350 (bir min üç yüz əlli) manat sığorta ödənişi həyata keçirilmişdir. Ümumilikdə zərərçəkmiş şəxslərə 2550 (iki min beş yüzəlli) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 12 avqust 2025-ci il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə göndərərək, iş üzrə məhkəmə iclaslarında iştirak edə bilmədiklərini bildirmiş, məhkəmə iclaslarını onların iştirakları olmadan keçirib iddianın təmin olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 21 yanvar 2021-ci il tarixli “İcbari sığorta müqaviləsinə dair məlmat”dan görünür ki, X1 məxsus “Mercedes Benz C220 CDİ” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Bu barədə "xxxx" ASC ilə X2 arasında 15 yanvar 2021-ci il tarixdə “PXA**********” nömrəli icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilə 16 yanvar 2022-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 09 fevral 2022-ci il tarixli PXA102569 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış “Mercedes Benz” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı **-EP-*** və “Toyota Prado” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur; zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1350 (bir min üç yüz əlli) manat hesablanmış, Kazımov Fərhad İlyas oğluna sığorta ödənişi olaraq 1350 (bir min üç yüz əlli) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli PXA102570 saylı “Sığorta aktı”nın surətindən görünür ki, sığortalanmış “Mercedes Benz” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı **-EP-*** və “Toyota Prado” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur; zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1200 (bir min iki yüz) manat hesablanmış, Kazımov Fərhad İlyas oğluna sığorta ödənişi olaraq 1200 (bir min iki yüz) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 16 fevral 2022-ci il tarixli 1285 nömrəli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən X4 1350 (bir min üç yüz əlli) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: kart hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X4 1200 (bir min iki yüz) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 04 yanvar 2022-ci il tarixdə verilmiş 6 nömrəli “Qiymətləndirmə aktı”ndan görünür ki, Toyota Prado” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir-bərpa işləri 900 manat, ehtiyat hissələri 450 manat olmaqla, cəmi 1350 (bir min üç yüz əlli) manat ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 06 yanvar 2022-ci il tarixdə verilmiş 97 nömrəli “Qiymətləndirmə aktı”ndan görünür ki, “Mercedes C230” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir-bərpa işləri 740 manat, ehtiyat hissələri 460 manat olmaqla, cəmi 1200 (bir min iki yüz) manat ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 14 fevral 2022-ci il tarixli 05/01-286 nömrəli məktubdan görünür ki, Cavabdeh 2550 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-yə 7 (yeddi) iş günü müddətində ödəməyi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan: Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə məsuliyyət nəzərdə tutan 07 yanvar 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 07 yanvar 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 (bir yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Tətbiq edilməli olan normativ aktlar: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.8ci maddələrindən görünür ki, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər; zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır; belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar; yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan, PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C220 CDİ” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Xətai rayonu Lütfizadə küçəsində “Narzan” restoranının qarşısında dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prado” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Cavabdeh təqsirli bilinmişdir. Həmçinin, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 2550 (iki min beş yüz əlli) manat sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Mercedes Benz C220 CDİ” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prado” markalı **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər dəymişdir. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 2550 (iki min beş yüz əlli) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 46 (qırx altı) dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2550 (iki min beş yüz əlli) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat, cəmi 2596 (iki min beş yüz doxsan altı) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar