Məhkəmə qərarları › İş №e-2(040)-987/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-987/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-987/2025 30.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 08 fevral 2024-cü il tarixli 053 nömrəli alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərər qismində 15679 AZN (on beş min altı yüz yetmiş doqquz manat), avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinə çəkilmiş təmir (servis) xərcləri 7099 AZN (yeddi min doxsan doqquz manat), vəkilə ödənilmiş xidmət haqqı 300 AZN (üç yüz manat) olmaqla, ümumilikdə 22778 AZN (iyirmi iki min yeddi yüz yetmiş səkkiz manat) pul vəsaitinin və ödənilmiş 158,33 AZN (bir yüz əlli səkkiz manat-33 qəpik) dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 053 nömrəli alğı-satqı müqaviləsinə əsasən, iddiaçı “Leapmotor C11” markalı (istehsal ili: 2023; VİN: LFZ63AL55PD062860) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin icra edilməməsi səbəbindən, iddiaçı tərəfindən müqaviləyə 30 oktyabr 2024-cü il tarixində birtərəfli qaydada xitam verilmiş və müqaviləyə xitam verilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən müqavilə imzalandığı tarixdən xitam tarixinədək iddiaçıya ümumilikdə 9666 AZN (doqquz min altı yüz altmış altı manat) məbləğində ödəniş həyata keçirilmişdir. Avtomobil geri qaytarıldıqdan sonra rəsmi servis mərkəzi tərəfindən nəqliyyat vasitəsinə müvafiq texniki baxış keçirilmiş, təmir aktı tərtib edilmiş, avtomobildə olan nasazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmış və yenidən satışa çıxarılması üçün hazır vəziyyətə gətirilmişdir. Tərtib edilmiş təmir aktına əsasən, ümumi təmir xərclərinin ümumi 7099 AZN (yeddi min doxsan doqquz manat) təşkil etmişdir. “Leapmotor C11” markalı (istehsal ili: 2023; VİN: LFZ63AL55PD062860) nəqliyyat vasitəsi 18 mart 2025-ci il tarixli 215 nömrəli müqavilə əsasında özgəninkiləşdirilərək, "xxxx" MMC-nin istifadəsinə verilmiş, dəyəri tam şəkildə ödənildikdən sonra isə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bildirirlər ki, ilkin müqavilə üzrə nəqliyyat vasitəsinin dəyəri 96660 AZN (doxsan altı min altı yüz altmış manat) müəyyən edilmiş, ikinci müqavilə ("xxxx" MMC ilə imzalanmış) üzrə isə nəqliyyat vasitəsinin dəyəri 71315 AZN (yetmiş bir min üç yüz on beş manat) təşkil etmişdir. Beləliklə, iki müqavilə dəyəri arasında olan fərq 25345 AZN (iyirmi beş min üç yüz qırx beş manat) təşkil etmişdir. Sözügedən məbləğdən iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş 9666 AZN (doxsan altı min altı yüz altmış manat) məbləğində pul vəsaiti çıxıldıqdan sonra yerdə qalan 15679 AZN (on beş min altı yüz yetmiş doqquz manat) məbləği iddiaçının zərər məbləğini təşkil etmiş və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 053 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada satıcıya tam və vaxtında ödəməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçı nümayəndəsi Nümayəndə1 09 sentyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddianın həcminin artırılmasına dair ərizə göndərərək, iş materiallarına əlavə edilmiş 18 mart 2025-ci il tarixli 215 nömrəli müqavilənin hazırkı işə heç bir aiddiyyatının olmadığını və texniki səhv olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq, sübutlar sırasından çıxarılmalı olduğunu, bunun əvəzinə tərəflərindən məhkəməyə 31 mart 2025-ci il tarixli 220 nömrəli X1 təqdim edildiyini və iddia tələbi həmin müqavilə əsasında yenidən hesablandığını bildirmiş, Cavabdeh 08 fevral 2024-cü il tarixli 053 nömrəli alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərər qismində 17164 AZN (on yeddi min bir yüz altmış dörd manat), avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinə çəkilmiş təmir (servis) xərcləri 7099 AZN (yeddi min doxsan doqquz manat), vəkilə ödənilmiş xidmət haqqı 300 AZN (üç yüz manat) olmaqla, ümumilikdə 24563 AZN (iyirmi dörd min beş yüz altmış üç manat) pul vəsaitinin və ödənilmiş 158,33 AZN (bir yüz əlli səkkiz manat-33 qəpik) dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 06 avqust 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 09 sentyabr 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı olaraq 30 sentyabr 2025-ci il tarixə təxirə salınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı (iddianın dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla) müdafiə edərək və ərizələrin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən- 2000 (iki min) manat hissədə qəbul edərək izahatında bildirmişdir ki, fərdi sahibkar kimi fəaliyyət göstərdiyi müddətdə “İnstagram” sosial şəbəkəsində reklamı görmüş və İddiaçı MMC-dən “Leap Motor C11” markalı avtomobili almaq qərarına gəlmişdir. Avtomobili alarkən iddiaçı tərəfindən ona yalan vədlər verilmişdir. Belə ki, avtomobil iddiaçının bildirdiyi keyfiyyətdə olmamış, avtomobildə mütəmadi olaraq nasazlıqlar yaranmışdır. Sonuncu dəfə avtomobillə yolnəqliyyat hadisəsi törətmiş, bundan sonra avtomobili şirkətə təhvil vermişdir. Avtomobilin kasko sığortası olduğu üçün qəza xərcləri sığortaçı tərəfindən ödənilmişdir. Lakin şirkət avtomobilə texniki baxış keçirmiş, təmir aktı tərtib edərək həmin aktda qeyd edilən məbləğin onun tərəfindən ödənilməsini tələb etmişdir. O, bununla razı deyildir, belə ki, avtomobilə texniki baxış keçirilməsi barədə ona rəsmi məlumat verildiyi iddiaçı tərəfindən qeyd edilsə də, o, bununla bağlı heç bir rəsmi xəbərdarlıq almamışdır. O, avtomobili 08 fevral 2024-cü il tarixli müqavilə ilə almış və müqaviləyə 30 oktyabr 2024-cü il tarixdə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. O, müqavilə müddətində hər ayda 1611 (bir min altı yüz on bir) manat olmaqla 09 mart 2024-cü il tarixdən etibarən 6 (altı) ay ödəniş etmiş, 08 sentyabr 2024-cü il tarixdə ödəməli olduğu aylıq 1611 (bir min altı yüz on bir) manat ödənişi ödəməyə imkanı olmamış, bundan sonra iddiaçı tərəfindən avtomobil ondan müvafiq etibarnaməyə xitam verilməklə 2024-cü ilin sentyabr ayında (hələ lizinq müqaviləsinə xitam verilməmişdən əvvəl) alınmışdır. O, iddiaçıya yalnız 2024-cü ilin sentyabr ayında ödəməli olduğu bir aylıq ödəniş- 1611 (bir min altı yüz on bir) manat borcludur. Bununla belə, iddiaçıya 2000 (iki min) manat ödəməyə razıdır (Borcun etirafı barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 053 nömrəli “Nəqliyyat vasitəsinin alğı-satqısına dair” müqavilədən görünür ki, “Leap Motor C11” markalı (buraxılış ili: 2023; VİN: LFZ63AL55PD062860; rəngi ağ dam qara) avtomobilin qiyməti tərəflərin razılığı ilə 96660 (doxsan altı min altı yüz altmış) manat məbləğində müəyyən edilir. Qalıq borc sayılacaq 96660 (doxsan altı min altı yüz altmış) manatı alıcı (cavabdeh) 08 mart 2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1611 (bir min altı yüz on bir) manat ödəməyi satıcı (iddiaçı) qarşısında öz öhdəsinə götürür. -09 fevral 2024-cü il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, “Leap Motor C11” markalı (VİN: LFZ63AL55PD062860) avtomobil və həmin avtomobilə məxsus 2 ədəd işəsalma açarı, istismar kitabçası, şarı aləti, ayaqaltı dəsti, alətlər dəsti, təkər təmir dəsti, jilet qüsursuz və texniki saz vəziyyətdə alıcıya (cavabdehə) təhvil verilmişdir. Alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. -İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 30 oktyabr 2024cü il taixi üçün gecikdirilmiş məbləğ 3222 (üç min iki yüz iyirmi iki) manat, cərimə məbləği 1579 (bir min beş yüz yetmiş doqquz) manat olmaqla 4801 (dörd min səkkiz yüz bir) manat borcu var. -İddiaçı MMC tərəfindən verilmiş “Təmir aktı”ndan görünür ki, “Leap Motor C11” markalı (VİN: LFZ63AL55PD062860) **-YX-*** övlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ehtiyat hissələrinin dəyəri 4468 AZN, görüləcək işlər 2630,90 AZN olmaqla, ümumilikdə 7099,24 AZN (yeddi min doxsan doqquz manat-24 qəpik) təşkil edir. -Lizinq verən İddiaçı MMC ilə lizinq alan "xxxx" MMC arasında bağlanmış 31 mart 2025-ci il tarixli 220 nömrəli X1ndən görünür ki, hazırki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 69830 (altmış doqquz min səkkiz yüz otuz) manat təşkil edir. Lizinq alan qalıq borc sayılacaq 69830 (altmış doqquz min səkkiz yüz otuz) manatı, 30 aprel 2024-cü il tarixdən etibarən 48 (qırx səkkiz) ay müddətinə, aylıq 1455 (bir min dörd yüz əlli beş) manat olmaqla ödəməyi öhdəsinə götürür. -31 mart 2025-ci il tarixli “Lizinq obyektinin təsviri”ndən görünür ki, lizinq obyektinin (Leap Motor C11) qiyməti 47000 (qırx yeddi min) manatdır. -31 mart 2025-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, “Leap Motor C11” markalı avtomobil və həmin avtomobilə məxsus 1 ədəd işəsalma açarı, ayaqaltlıq, üçbucaq, şarı cihazı, təkər təmir dəsti, kasko sığorta əlaqə Paşa sığorta lizinq verən tərəfindən lizinq alana thvil verilmişdir. -İddiaçı MMC tərəfindən tərtib olunmuş və Cavabdeh göndərilmiş (müvafiq poçt qəbzləri vardır) 28 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, cavabdehdən 29 oktyabr 2024-cü il tarixdə saat 11:00-da İddiaçı MMC-nin rəsmi servis mərkəzinə gəlməsi və nəqliyyat vasitəsinə texniki baxış keçirilən zaman iştirak etməsi xahiş olunur. Cavabdehə texniki baxışın keçiriləcəyi tarixdə və vaxtda İddiaçı MMC servis mərkəzinə gəlməyəcəyi təqdirdə, baxışın onun iştirakı olmadan keçiriləcəyi və sonradan “Təmir aktı”nda hər hansı əlavə və ya dəyişikliyin həyata keçirilməyəcəyinə dair məlumat verilmişdir. -İddiaçı MMC tərəfindən tərtib olunmuş və Cavabdeh göndərilmiş (müvafiq poçt qəbzləri vardır) 30 oktyabr 2024-cü il tarixli “Müqaviləyə xitam verilməsi barədə” məktubdan görünür ki, onunla İddiaçı MMC arasında avtomobil alğı-satqısına dair 08 fevral 2024-cü il tarixli 053 saylı müqaviləyə tərəflərindən xitam verilmişdir. -İddiaçı MMC tərəfindən tərtib olunmuş və Cavabdeh göndərilmiş (müvafiq poçt qəbzləri vardır) 17 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 7 günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Müki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi): -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 2000 (iki min) manat hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı iddia həcminin artırılmasına dair ərizəsində cavabdehin ona 24563 (iyirmi dörd min beş yüz altmış üç) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, bununla belə cavabdeh iddiaçıya 2000 (iki min) manat borclu olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh İddiaçı xeyrinə 08 fevral 2024-cü il tarixli 053 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2000 (iki min) manat borc, həmçinin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin pul əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğdə pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə- 22263 (iyirmi dörd min iki yüz altmış üç) manat borc, 300 (üç yüz) manat vəkil xərci və 118,33 AZN (bir yüz on səkkiz manat-33 qəpik) dövlət rüsumunun tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından, təmin edilməməlidir. Bununla bağlı məhkəmə aşağıdakları qeyd edir: 1) avtomobilin alğı-satqı müqaviləsindən yaranmış 22263 (iyirmi dörd min iki yüz altmış üç) manat borc mötəbər sübutlarla təsdiq edilmir, belə ki: iddiaçı cavabdehdən avtomobili təhvil almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir; iddiaçı cavabdehin ona təqsirli olaraq ziyan vurmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir; iddiaçı avtomobilin tam (“kasko”) sığortası ilə sığorta olunmasını təsdiq və ya inkar edən sübutları məhkəməyə təqdim etməmişdir; iddiaçının avtomobili digər müştəriyə satarkən razılaşdırılmış qiymət cavabdehin ziyanına şərh olunan sübut kimi qəbul edilə bilməz; 2) hüquqi şəxs olan iddiaçının məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım üçün çəkdiyi xərclər cavabdehdən çıxıla bilməz, belə ki, hüquqi şəxsin eyni funksiyaları yerinə yetirən işçiləri vardır və hüquqi şəxs öz hüquqlarını müdafiə edərkən vəkilə müraciət etmək məcburiyyətində qalmamışdır; 3) Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, odur ki, ödənilmiş dövlət rüsumunun 40 (qırx) manatdan artıq hissəsi iddianın təmin edilmiş hissəsinə mütənasib deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 08 fevral 2024-cü il tarixli 053 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2000 (iki min) manat borc, həmçinin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin pul əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar