Məhkəmə qərarları › İş №e-2(041)-132/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(041)-132/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-132/2025 23.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 25112,98 (iyirmi beş min bir yüz on iki manat 98 qəpik) manat məbləğində subroqasiya ödənişi, 165,34 (bir yüz altmış beş manat 34 qəpik) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 25278,72 (iyirmi beş min iki yüz yetmiş səkkiz manat 72 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı X3 arasında bağlanmış 14 aprel 2023-cü il tarixli AS-F 160/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Changan Uni-K” markalı **-KM-*** (köhnə d.q.n **-UA-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Renault Megane minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Changan Uni-K” markalı **-KM-*** (köhnə d.q.n **-UA-***) dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 30112,98 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Renault Megane minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6cı və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesab fakturasında, yol-nəqliyyat hadisəsi nəticəsində “Changan Uni-K” markalı **- KM-*** (köhnə d.q.n **-UA-***) dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 30112,98 təşkil edilmişdir. xx.xx.2024-cü il tarixli, 552/24 nömrəli geriyə tələb məktubundan görünür ki, “Renault Megane minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 (beş min) manat məbləğində subroqasiya ödənişini Cəmiyyətin hesabına ödənilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli, 633/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Changan Uni-K” markalı **-KM-*** (köhnə d.q.n **-UA-***) dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 25112,98 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində baş vermiş avtonəqliyyat hadisəsi zamanı sığortalanmış “Changan Uni-K” minik markalı, **-KM-*** (köhnə d.q.n **-UA-***) dövlət qeydiyyat nişanlı avtomobil üçün sığorta ödənişi 30112,98 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “Azərbaycan Avtomobil Evi LLC”-nin hesabına 30112,98 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 633/24 nömrəli Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, 5000 (beş min) manat sığorta ödənişi məbləği "Renault Megane minik" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətindən, qalıq 25112,98 manat məbləğində pulun isə, Cəmiyyət tərəfindən ondan tələb etmək hüququna malik olması cavabdehə bildirilmiş, həmin məbləğ ödənilməsə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş “İcra edilmiş xidmətlərə dair Akt”dan görünür ki, “Changan Uni-K” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 30112.98 manat təşkil edir. İş materiallarında xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "Renault Megane" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Kürdəmir rayonu Muradxan kəndində qeydiyaytda olan və yaşayan X2 vermiş olduğu izahatda bildirmişdir ki, 2023-cü ilin aprel ayının əvvəllərində özünə məxsus idarə etdiyi “Renault Megane” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri Binəqədi rayonunda yerləşən "Elit" ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobillərin təmiri yerində avtomobilinin mühərriki təmir olunandan sonra Bakı şəhəri Badamdar qəsəbəsi DYPİ-nin yaxınlığında rəngsaz İşləyən həmyerlisi "Əşrəf" adlı ustanın yanına getmişdir. Əşrəf usta maşına baxaraq rəngsaz işlərini edəcəyi təqdirdə 500 manata razılaşdıq, ilkin olaraq onun kart hesabına 240 manat ödəmiş və avtomobili orada saxlayaraq açarını Əşrəfə vermişdir və avtomobilə aid və özünə məxsus sənədlərini götürərək taksi ilə Kürdəmir rayonuna yaşadığı evə getmişdir. Sonra onlar mütəmadi olaraq Əşrəf usta ilə telefonla danışmış və Əşrəf ona bildirmişdir ki, "olar sənin maşınınla yaşadığım evə gedib-gəlim? Mən burada işlədiyim iş yerinin yanında yaşayıram. Burada olan polisləri tanıyıram heç bir problem olmayacaq". O da ona yalnız yaşadığı evə gedibgəlməyə icazə vermişdir. xx.xx.2023-cü il tarixdə ona polisdən zəng edilərək məlumat verilmişdir ki, Əşrəf onun idarə etdiyi avtomobil ilə qəza törətmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan” müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Renault Megane minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(041)-132/2025 nömrəli qərardadına əsasən mülki iş üzrə icraat dayandırılmış və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə ekspertizasının keçirilməsindən imtina etmiş, imtina onunla əsaslandırılmışdır ki, tədqiqat obyekti olan “Changan Uni-K” markalı **-KM-*** (köhnə d.q.n **-UA-***) dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixli qüsur aktlarında göstərilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair 2023-cü il tarixə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı "xxxx" ASC ilə bağlanmış 14 aprel 2023-cü il tarixli AS-F 160/23 №-li sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmış “Changan Uni-K” markalı **-KM-*** (köhnə d.q.n ** UA ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "Renault Megane” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Renault Megane minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Changan Uni-K” markalı **-KM- *** (köhnə d.q.n ** UA ***) dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 30112.98 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta ödənişinin 5000 (beş min) manat hissəsini avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, qalıq 25112,98 (iyirmi beş min yüz on iki manat doxsan səkkiz qəpik) manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş 25112.98 manat sığorta haqqının subroqasiya qaydasında Cavabdeh tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar olduğundan “A-Qroup Sığorta Şirkəti"-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1 -ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 25.112.98 manat sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 165.74 manat məbləğində pul "xxxx"nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25112.98 (iyirmi beş min yüz on iki manat doxsan səkkiz qəpik) manat sığorta ödənişinin məbləği və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 165.74 (yüz atmış beş manat yetmiş dörd qəpik) manat məbləğində pul "xxxx"nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar