Məhkəmə qərarları › İş №e-2(041)-1431/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1431/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1431/2023 01.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, İddiaçı ASC-nin Cavabdeh qarşı sığorta məbləğinin subqrasiya qaydasında tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4630 manat pul vəsaitinin və 66.30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ciol tarixli PAZ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən VAZ 21051 minik markalı 42CE218 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Kürdəmir şəh.Babək pr. ərazsində 90DM364 dövlət qeydiyyat nişanlı Mitsubushi pajero markalı avtomobil 33BF402 dövlət nişanlı VAZ 21074 markalı avtomobil ilə toqquşmuş və Kürdəmir rayon Şahsevən kənd sakini X4 avtomobillə vuraraq yüngül xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Kürdəmir rayon PŞTB-nin inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.1 və 334.3-cü maddələri ilə xx.xx.2023-cü il tarixli qərar yazılmışdır. Mitsubushi pajero markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitrəsinə dəymiş zərərlə bağlı 1480 manat ödəniş verilmişdir. VAZ 21074 markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2400 manat ödəniş verilmişdir. X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə dəymiş ziyana görə 4630 pul vəsaitinin, 66.30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməsini xahiş edir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, iş materiallarında olan: - avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Mitsubishi Pajero İO ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1480 manat maddi ziyan dəymişdir. -avtonəqliyyat vasitələrinin texniki ekspertizası xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, VAZ 2107 **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2400 manat maddi ziyan dəymişdir. - inzibati tənbeh vermə haqqında İXP5239023 saylı qərarının surətindən görünür ki, Cavabdeh AR İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunub. - 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, 750 manat pul vəsaiti X3 hesabına köçürülmüşdür. - 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, 2400 manat pul vəsaiti X3 hesabına köçürülmüşdür. - 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, 1480 manat pul vəsaiti X2 hesabına köçürülmüşdür. İş materiallarına eyni zamanda, subroqasiya məktubları, aktlar, avtomaşınların texniki pasportlarının surətləri və digər sənədlər əlavə edilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2. faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırki iş üzrə də, Mitsubushi Pajero markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1480 manat, VAZ 21074 markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2400 manat, X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi edilməsi işə əlavə edilmiş ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran avtomobil Cavabdeh məxsus olduğundan, sığorta ödənişinin subroqasiya hüququndan yararlanaraq zərərvuran şəxsdən tutulması yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4630 (dörd min altı yüz otuz manat) sığorta ödənişi İddiaçı ASC-nin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 66.30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4630 (dörd min altı yüz otuz) manat sığorta ödənişinin, ödənilmiş 66.30 (altmış altı manat 30 qəpik) dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar