Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2488/2025 26.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2040,00 (iki min qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 41,00 (qırx bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 22:45 radələrində, Kürdəmir rayonu, Babək prospektində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Hyundai Veracruz minik” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Cavabdeh hadisə yerindən yayınmışdır. Kürdəmir Rayon Məhkəməsi tərəfindən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA158354 saylı sığorta aktı tərtib edilməklə, zərərçəkənə vurulmuş maddi zərərə görə 540,00 (beş yüz qırx) manat, PXA158353 saylı sığorta aktı tərtib edilməklə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri aldığı üçün isə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, qeyd olunan yol nəqliyyat hadisəsindən sonra X4 ilə aralarında notarial qaydada imzalanmış ərizə də mövcuddur. Qeyd olunan ərizə və ödəniş qəbzi iş materiallarına əlavə edilmişdir. X4 ərizədə bildirir ki, “xx.xx.2023 cü il tarixdə 90UJ069 dövlət qeydiyyat nişanlı nəqliyyat vəstəsinin iştirakı ilə baş vermiş avto nəqliyyat hadisəsi zamanı mənə dəymiş maddi və mənəvi ziyan Cavabdeh Sabır oğlu tərəfindən tam ödənilmışdır, biz barışmışıq, heç bir şikayət və tələbim yoxdur, gələcəkdədə olmayacaq”. Aralarındakı razılaşmadan bir neçə ay sonra "xxxx" ASC tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş gəlmişdir. Bildiriş gəldikdən sonra X2 notariat qaydada imzaladığı ərizənin və ödəniş qəbzinin sürətini "xxxx" ASC-yə göndərmişdir. X4 "xxxx" ASC ilə əlbir olub dələduzluq etdiyini bildirir. X4 moped idarə edərək qəsdən maşınların qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törədir. Eyni hadisə onun tərəfindən törədilərək bir neçə şəxsin başına gəlib. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan, -“Xalq Sığorta" ASC tərəfindən Cavabdeh ünvanlanmış subroqasiya tələbinə dair məktubda, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 2040,00 manat sığorta ödənişinin edildiyi, lakin sürücünün hadisə yerindən yayındığı və avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün bu məbləğin geri tələb olunduğu bildirilir. - “Xalq Sığorta" ASC tərəfindən Cavabdeh ünvanlanmış 11 yanvar 2024-cü il tarixli bildirişdə, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mopedə ziyan dəymiş və sürücüsü xəsarət almışdır. Zərərçəkən sığorta ödənişi tələbi ilə “Xalq Sığorta" ASC-yə müraciət etmişdir. “Xalq Sığorta" ASC, ödəniləcək məbləğin sonradan Cavabdeh subroqasiya qaydasında geri tələb ediləcəyini bildirir. 3 iş günü ərzində "xxxx" ASC-nin Gəncə filialına yaxınlaşaraq qiymətləndirmə nəticələri ilə tanış olmaq tövsiyə olunmuşdur. -"xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə xx.xx.2024-cü il tarixli PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Hyundai Veracruz minik” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan “Azağır” dərəcəli bədən xəsarətləri almışdır. - "xxxx" ASC tərəfindən PXA158354 saylı sığorta aktı tərtib edilməklə, zərərçəkənə vurulmuş maddi zərərə görə 540,00 (beş yüz qırx)manat sığorta ödənişi həyata keçirilmişdir. -"xxxx" ASC tərəfindən PXA158353 saylı sığorta aktı tərtib edilməklə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətləri aldığı üçün isə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına eyni zamanda, “Xalq Sığorta" ASC tərəfindən sığorta ödənişinin alınması üçün plastik ödəniş kartının təhvil verilməsini rəsmiləşdirən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı, əmək müqaviləsi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış və digər sənədlər əlavə edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib və iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə. İşə əlavə edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(041)-109/2023 saylı hökmündən məlum olur ki, X3 dəymiş ziyan Cavabdeh tərəfindən tam ödənilmişdir. Belə ki, hökmdə göstərilmişdir ki, X4 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində özünə məxsus Tufan M50 markalı mopedi olduğunu, həmin moped ilə dəbilqədən istifadə edərək xx.xx.2023-cü il tarixdə saat 22:45 radələrində Kürdəmir şəhəri Babək prospektindən üzü saat dairəsi istiqamətinə tərəf öz yolu ilə hərəkətdə olarkən yolun sağ tərəfində bitişik olan ərazidə təxminən 15 m məsafədən Hyundai markalı avtomobilin yol ayrıcına daxil olmaq istəməsini gördüyünü, Hyundai markalı avtomobili gördükdən sonra sürətini azaldaraq səs siqnalından istifadə etdiyini, Hyundai markalı avtomobilin yol ayrıcına çıxmayacağını ehtimal etdiyi üçün öz yolu ilə hərəkətdə olarkən Hyundai markalı avtomobil onu buraxmadan yol ayrıcına daxil olduğunu, dərhal yolun əks istiqamətinə tərəf mopedini qaçırtmaq istəsə də bunu edə bilmədiyini və Hyundai markalı avtomobil ilə sürücü tərəfdən toqquşaraq yerə yıxıldığını, nəticədə xəsarət aldığını, Hyundai markalı avtomobilin sürücüsü hadisə yerindən yayınaraq ona heç bir yardım göstərmədən hadisə yerindən qaçdığını, daha sonra tanımadığı şəxslərin ona yaxınlaşaraq onu avtomobilə əyləşdirib Kürdəmir RMX-ya apardıqlarını və xəstəxanada ona ilkin tibbi yardım göstərildiyini, Mopedi təxminən saatda 30-35 km/saat sürətlə idarə etdiyini, mopedi idarə edərkən spirtli içki qəbul etmədiyini, Mopedi aldığı üçün alqı-satqı sənədi olduğunu, 49 cm olduğu üçün sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi tələb olunmadığını, mopedinə 700 manat ziyan dəydiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Onun təqsirləndirilən şəxs Cavabdeh qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Cavabdeh barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. X2 ona dəymiş ziyanın tam ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsi cinayət işinə əlavə edilmişdir (bax iş vər.74). Bundan əlavə, cinayət işinə əlavə edilmiş, «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 195 №-li ekspert rəyindən görünrü ki, X2 bədən səthində aşkar olunan xəsarətlər-sol diz oynağının hemartrozu, sağ mil-bilək oynağının şikinliyi(əzələ-bağ aparatının gərilməsi), sağ budun ön səthinin, sağ bahdırın ön səthinin, sağ bazunun arxa səthinin sıyrılmış yaraları, alın nahiyəsinin qançırıküt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 may 2023cü il tarixdə hərəkətdə olan Mopedlə Hyundai markalı minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (bax iş vər. 65-67) İşdə olan sənədlərdən məlum olur ki, yol nəqliyyat hadisəsi 18 may 2023-cü ildə baş vermiş, məhkəmənin hökmü xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. X4 ona dəymiş ziyanın tam ödənilməsi barədə ərizəsini məhkəməyə təqdim etdiyi halda, 2024-cü ilin yanvar ayında "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, aldığı az ağır xəsarətə görə sığorta tələb etmiş, xx.xx.2024-cü il tarixdə isə ona sığorta haqqı ödənilmişdir. Beləliklə, işdə olan sübutlar əsasında müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyi barədə ərizəsini məhkəməyə təqdim etdiyi halda, məhkəmə hökmündən sonra ona dəymiş bədən xəsarətinə görə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, sığorta haqqı alması ilkin ərizəsini sual altına almışdır. Belə ki, X2 cinayət işinə əlavə edilmiş ərizəsində yalnız nəqliyyat vasitəsinə deyil, nəqliyyat vasitəsi də daxil olmaqla ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2488/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2488/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver