Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-796/2025 22.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 920 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 950 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə daxil olmuş etirazında borcun şişirdilməsi səbəbindən işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyindən, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması zərurəti yarandığından mülki işə iddia icraatı qaydasında baxılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla xx.xx.2019-cu il tarixli borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1978 manat olan məişət avadanlığı əldə edib, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 920 manat əsas borcu qalıb. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə məhkəməyə ünvanladığı arayışda cavabdehin MMC-yə olan borcun 770 manat olduğu qeyd edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddia ərizəsində qeyd olunan məbləğdən sonra müəyyən qədər ödənişlər edib, hazırda 770 manat borc qalıb, həmin borcunu da yaxın vaxtlarda ödəyəcəkdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən: - tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1978 manat olan məişət avadanlığı almışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, SRFK5692023 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən 770 manat əsas borcu vardır. - İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş qalıq borc barədə arayışda, Kürdəmir rayon Məhkəməsinin icraatında olan e-2(041)-796/2025 saylı icra iş üzrə Cavabdeh ilə bağlanmış 27 oktyabr 2019-cu il tarixli SRFK5692023 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən qalıq borcu 770 (yeddi yüz yetmiş) manat təşkil etdiyi qeyd olunub. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh 1978 manat dəyərində iddiaçıdan nisyə məişət avadanlıqları almış, etdiyi ödənişlərdən sonra hazırda onun 770 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddiaçının tələbini yuxarıda şərh edilən maddi hüquq normalarına əsasən qanuni və təqdim etdiyi sübutlara əsasən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 770 (yeddi yüz yetmiş) manat borc alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, SRFK5692023 saylı borc müqaviləsinə əsasən 770 (yeddi yüz yetmiş) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 800 (səkkiz yüz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-796/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-796/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver